"Mərkəzi Bank bu halda valyuta ehtiyatlarından istifadə edə bilər" - Millət vəkili

“Bu ilin ilk 2 ayı, xüsusən də fevral ilə müqayisədə mart ayında dollar tələbinin stabilləşməsi müşahidə olunur”.
Bunu Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
“Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb. Bu, Mərkəzi Banka valyuta bazarına intervensiya və növbəti mərhələdə sterilizasiya üçün yeni imkanlar yaradır. Bununla yanaşı, mart ayında qeyri-iş günlərinin sayının çoxluğunun və eləcə də xarici səfərlərin sayının çoxluğunu nəzərə alsaq, Mərkəzi Bankın kommunikasiya alətindən mütəmadi istifadə etməsi vacibdir”, - millət vəkili qeyd edib.
V.Bayramovun sözlərinə görə, növbəti aylarda manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, yəni neftin qiymətindən və 2024-cü ildə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq:
“Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq.
Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz, yəni enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər”.
Firuzə Əliyeva