Azərbaycanda bu şəxslərin nikahına qadağa QOYULA BİLƏR

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qohum nikahları ilə bağlı” bu gün təşkil edilən ictimai müzakirədə çıxışı zamanı Azərbaycanda nikahların bağlanmasına mane olan halların siyahısının genişləndirilə biləcəyini deyib.
Sfera.az xəbər verir ki, B.Muradova bu məqsədlə Azərbaycanın “Ailə Məcəlləsi”nin 12-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsinin təklif olunacağını söyləyib.
Həmin təklifə əsasən, baba və ya nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi nəzərdə tutulur.
Bəs hansı hallarda ölkəmizdə nikahların bağlanmasına yol verilmir?
Bu məsələni “Ailə Məcəlləsi”nin 12-ci maddəsi tənzimləyir. Məcəllənin 12-ci maddəsinin tələbinə əsasən, yaxın qohumlar bir-birilə evlənə bilməz. Yəni valideynlə övladın, baba, yaxud nənə ilə nəvənin, doğma və ya ögey qardaş və bacıların nikahına yol verilmir.
Bunlardan başqa övladlığa götürənlər və övladlığa götürülənlər arasında, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında, tibbi müayinədən keçməyən şəxslər arasında, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanması qanunla qadağan edilib.
Əgər təklif qəbul edilərsə, Azərbaycanda nənə və ya babası ümumi olan şəxslərin də nikahına yol verilməyəcək.
Vasif