"Dövlət Statistika Komitəsi buna aydınlıq gətirməlidir" - Osman Gündüz

Ötən həftə Mərkəzi Bank açıqlayıb ki, qanunvericilikdə nəzərdə tutulan qaydada elektron ticarət əməliyyatlarının ötən ilki dövriyyəsi 40 milyard olub. Rəqəmlərə görə, bu göstərici pərakəndə ticarətin təxminən 70%-dir.

 

Nəzərə alsaq ki, ölkədə pərakəndə ticarət dövriyyəsi 60 milyard civarındadır, onda məlum olur ki, ölkəmizdə az qala bütün alış-veriş e-ticarət üzərindəndir.

 

Bəs bu rəqəmlər reallığı nə qədər əks etdirir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İntetnet Formunun prezidenti Osman Gündüz bildirib ki, bu, doğru yanaşma deyil:

 

"Əlbəttə, Mərkəzi Bank deyə bilər ki, "Elektron ticarət haqqında" qanunda göstərilənləri nəzərə alıblar. Yəni rəqəmsal mühitdə, nağdsız baş verən bütün əməliyyatları e-ticarət olaraq qəbul ediblər. Amma e-ticarət dövriyyəsi ilə bağlı beynəlxalq metodika tam fərqlidir".

 

O.Gündüzün sözlərinə görə, bu sistem beynəlxalq standartlara uyğunlaşdırılmalıdır:

 

"Qonşu ölkələrdə də bir neçə illər öncə bu tip problemlər vardı. Lakin onlar artıq bu mərhələni keçiblər. Metodikalarını beynəlxalq standartlara uyğunlaşdırıblar.
Məsələn, hazırda daha sürətlə inkişaf edən Qazaxıstanda e-ticarət dövriyyəsinin rəsmi göstəricisi 12%-dir.

 

Düşünürəm ki, Dövlət Statistika Komitəsi e-ticarətin hesablanması metodikasına, "70% e-ticarət dövriyyəsi" məsələsinə aydınlıq gətirməlidir. Əsasən ölkə daxili və ölkə xarici real alış-veriş əsas götürülməlidir".


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR