Peşə təhsili alan 73 yaşlı tələbə

Qəbələdə səfərdə olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 73 yaşlı Musa Mahmudovla görüşüb.
Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Məlumata görə, 73 yaşlı Musa Mahmudov "Arıçılıq" ixtisası üzrə təhsil alır.
Özu “Ana arı” yetişdirir. Onlardan arıların artırılmasında istifadə edir.
Peşə təhsilinin ən yaşlı tələbəsi olan Musa Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. Musa Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayar və ətraf bölgələrə aparardı, son 11 ildir ki, arılara Vəndamda baxır və hazırda 60 arı ailəsi var.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq ixtisasının açılmasına ən çox sevinənlərdən biri Musa Mahmudov olub. Çünki, o, arıçılığı praktik bacarsa da, onun digər sirlərini zəif bilib. Ona görə də bu yaşında tələbə olmaq arzusunu reallaşdırıb.Hazırda qrupun ən fəal tələbələrindən biridir. Yaşı 70-i keçsə də, təhsil almaq, bilik və bacarıqlarını artırmaq yolunda yorulmadığını bildirib.
Firuzə Əliyeva