Elektrikli avtomobil gəmini yandırdı - “Volkswagen” fəlakətə görə məhkəməyə verildi

Xəbər verdiyimiz kimi, 2022-ci ildə avtomobil daşıyıcısı “Felicity Ace” elektrik avtomobilinin yanması nəticəsində batıb
“Volkswagen” Qrupuna qarşı iki iddia qaldırılıb. Alman konserni təxminən 4000 avtomobilin yandığı “Felicity Ace” gəmisində baş verən yanğında iştirakda ittiham olunur.
Sfera.az xəbər verir ki, “Felicity Ace” adlı avtomobil daşıyan gəmi güclü yanğın nəticəsində batıb. Məhkəmədəki iddiaçılar fəlakətin “Volkswagen” Qrupunun günahı olduğunu iddia edirlər.
İddialardan biri bir il əvvəl Ştutqart şəhərinin məhkəməsinə verilib. 12 iddiaçıya sığortaçı “Allianz” və “Felicity Ace”ni idarə edən “Mitsui OSK Lines” gəmi şirkəti daxildir.
İddiaçıların sözlərinə görə, “Felicity Ace”də baş verən yanğına “Porsche Taycan” elektromobilinin akkumulyatorunda baş verən yanğın səbəb olub. “Volkswagen” Qrupu elektromobil istehsalçısı kimi mümkün təhlükə barədə xəbərdarlıq etməmək və elektromobillərin daşınması zamanı ehtiyat tədbirləri barədə məlumat verməməkdə ittiham olunur.
“Volkswagen” razılığa gəlməyə çalışdığı üçün məhkəmə prosesi bir il müddətinə dayandırılmışdı. Bu günlərdə konsernə qarşı Breunşveyq əyalət məhkəməsində daha bir oxşar iddia qaldırılıb. “Volkswagen” Qrupunun nümayəndələri iddiaları təsdiqləsələr də, şərh verməkdən imtina ediblər.
“Felicity Ace” fəlakəti təfərrüatlar
Xatırladaq ki, “Felicity Ace” qəzası 2022-ci ilin fevralında baş verib. Atlantik okeanında Azor adaları yaxınlığında avtomobil daşıyan gəmi yanıb. Ekipaj qaçmağa müvəffəq olsa da, gəmini limana çəkə bilməyiblər. Gəmi 1 mart 2022-ci ildə batıb.
“Felicity Ace”in göyərtəsində 3965 avtomobil olub ki, onların da əksəriyyəti “Volkswagen” Qrupunun məhsulları idi. Həm kütləvi istehsal edilən “Audi”lər, həm də eksklüziv “Porsche” və “Lamborghini” avtomobilləri fəlakət nəticəsində itib.
Yeri gəlmişkən, bu, elektrik avtomobillərinin yanması nəticəsində qəzaya uğrayan yeganə gəmi deyil. 2023-cü ildə “Fremantle Highway” avtomobil daşıyıcısı da eyni səbəbdən yanıb.
Aysel
Sfera.az