Çindən Ukrayna savaşı ilə bağlı VACİB AÇIQLAMA: “Tezliklə...”

“Çin Ukrayna savaşında tezliklə atəşkəs əldə etmək üçün vasitəçilik etməyə davam edəcək”.
Sfera.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui deyib. O, bu gün Brüsseldə İsveçrə Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qabriel Luçinger ilə görüşüb. Li Hui İsveçrənin sülh danışıqlarının təşviqi üzrə fəaliyyətini yüksək qiymətləndirib və müvafiq ölkələrlə əvvəlki təmaslar barədə məlumat verib.
“Çin bütün tərəflər arasında vasitəçilik etməyə, konsensus axtarmağa və tezliklə atəşkəs və müharibəyə son qoymaq üçün İsveçrə və beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək”.
Qeyd edək ki, Li Hui martın 2-də Ukrayna böhranının həllinə kömək etmək məqsədi ilə ikinci Avropa turnesinə çıxıb. O, artıq Moskva və Brüsseldə olub, həmçinin, Polşa, Almaniya və Ukraynaya səfərlər nəzərdə tutulub. Keçən fevral ayında isə Çin hakimiyyəti Moskva ilə Kiyev arasında münaqişənin həlli ilə bağlı mövqe sənədi dərc edib və oraya atəşkəs çağırışı, bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına hörmət və Ukraynadakı humanitar böhranın həlli də daxil olmaqla 12 bənd daxil olunub.
Günay