"Bu, Azərbaycanın peyki üçün təhlükə yaradacaq" - Politoloq bəşəriyyəti gözləyən böyük TƏHLÜKƏDƏN DANIŞDI

Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyə çalışması xəbəri beynəlxalq aləmdə hələ də müzakirə edilir və ciddi narahatlıq yaradır.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsinə dair məlumatları ABŞ kəşfiyyatı yayıb:
“Rusiya kosmosda nüvə silahı yerləşdirməyə çalışsa, nüvə silahına malik digər ölkələr də özlərini qorumaq üçün eyni prosesə başlayacaqlar. Bəşəriyyət üçün başqa təhlükə də yarana bilər. Rusiya texnologiyasına etibar yoxdur və bu ölkənin kosmosda yerləşdirmək istədiyi nüvə silahının nəzarətdən çıxmayacağını vurğulamaq çətindir.
ABŞ dövlət katibi Entoni Blinken mövcud təhlükəylə bağlı çinli və hindli həmkarlarıyla ayrı ayrılıqda müzakirələr aparıb. Blinken Pekinin və Dehlinin Kremlə təsir etmələrini istəyib ki, Rusiya hakimiyyəti təhlükəli planlarından imtina etsin. Blinkenin fikrincə, Çin lideri Tsi Cinpin və Hindistanın baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə bu barədə danışmalıdır. Rusiya planlarından imtina etməsə bu fəlakətə səbəb olacaq. Kosmosda Çinin və Hindistanın da süni peykləri var. Fəzada nüvə partlayışı ABŞ ilə yanaşı Çinin və Hindistanın peyklərini də sıradan çıxaracaq. Əgər belə bir hal varsa, bu, Azərbaycanın kosmosda olan peyki üçün təhlükə yaradacaq.
Pekinin Kremlə bu məsələylə bağlı təsir edəcəyi çətindir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda da Vaşinqton Pekindən xahiş edib ki, müharibəni dayandırmaq məqsədilə Kremlə təsir etsin. Pekin nəinki müharibədən narazılığını bildirdi, tam əksinə, müharibənin davam etdiyi iki ildə Rusiya ilə strateji tərəfdaşlığını gücləndirdi. Pekin müharibəni dayandırmaq üçün səy göstərsəydi, bu Çin-ABŞ münasibətlərinə müsbət təsir edərdi. Ancaq Çin Tayvan ətrafında hərbi gücünü artırmaqla ABŞ və ətraf ölkələrlə münasibətlərin gərginləşməsi siyasətinə üstünlük verdi”.
Politoloq qeyd edib ki, Vaşinqton Çinin ərazi bütövlüyünə hörmət etməklə yanaşı, Tayvanın güc yolu ilə Çinə birləşdirilməsinin əleyhinədir və buna mane olmağa çalışır.
“ABŞ Konqresi Tayvana hər il maliyyə yardımı ayırır və adaya hərbi texnika göndərir. ABŞ-də prezident seçkisindən sonra da Vaşinqtonun Çinlə münasibətlərinin normallaşacağını gözləmək çətindir. Bu arada, Çinin 2024-cü ildə müdafiə xərclərini 7,2% artıraraq 230,6 milyard dollara çatdıracağı bildirilib. Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. Pentaqon üçün hazırlanan hesabatda qeyd edilib ki, Çin 2022-ci ildə 400 nüvə başlığına malik idisə, sonra bunun sayı 500-ə çatıb. Proqnozlara görə, Çin 2030-cu ilə qədər 1000-dən çox nüvə başlığına malik olacaq və qitələrarası mənzilli ballistik raketlərinin inkişafını sürətləndirəcək”.
Ülkər Abdurahmanlı