""Şagird davranış qaydaları"nın yekun versiyası üzrə iş aparılır" - MÜTDA direktoru

"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”ı ilkin olaraq seçilmiş 329 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq edilir".
Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.
O bildirib ki, bu, ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edir.
"Şagird davranış qaydaları təxmimən 300 məktəbimizdə tətbiq olunur. Bu sayın 1000-ə çatıdırılması nəzərdə tutulur. Qaydalar sadəcə inzibati xarakter daşımır, eyni zamanda, öyrənmə mühitinin formalaşmasına xidmət edir. Həm müəssisələr, həm də valideynlərin rəyi müsbətdir. Bir çox neqativ halların qarşısının alınmasında bu qaydaların tətbiqi olduqca vacib yerdədir. Bu il də tətbiqi öz nəticələrini verəcəkdir. Növbəti illərdə tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Pilot müəssisələr üzrə monitorinqlər və təhlillər aparılıb, təkliflər formalaşdırılıb. Hazırda “Şagird davranış qaydaları”nın yekun versiyası üzrə iş aparılır".
Sonda MÜTDA rəsmisi qeyd edib ki, şagird və müəllimlərin sağlamlığı ilə bağlı imzaladığı müvafiq qaydalara uyğun məktəblərdə müəyyən maarifləndirici görüşlər keçirilib:
"Bütün valideynlərə məktəbdə baş verə biləcək hadisələrlə bağlı məlumatlar verilib. Proses davam edir, tədris sonuna kimi əhatəliliyi artırılacaqdır".