Bu yaz hansı dəri gödəkçələr trend olacaq? - FOTOLAR

Bahar artıq ilk şüalarını göstərməyə başlayıb. Bu o deməkdir ki, yaz üst geyimlərini qarderobunuzdan çıxarmaq vaxtıdır. Yaz fəsli tək yüngül və rahat deyil, həm də çox qəşəng olan dəri gödəkçələr geyinməklə səciyyələnir.
İllərdir dəbin bir parçası olan dəri gödəkçələr, təbii ki, yeni mövsümün gəlişi ilə dəbini də dəyişir.
Sfera.az 2024-cü ilin yazında dəbdə olacaq dəri gödəkçə seçimlərini təqdim edir.
Bu mövsümdə də dəri gödəkçələr öz aktuallığını itirməyəcək. Bu gödəkçələr daha qısa olması ilə seçilir, həmçinin müasir və zərif görünüş yaradır. Bundan əlavə, iri dəri gödəkçələr də yenə dəbdə olacaq. Bu üslub rahatlığı ilə daim məşhurdur.
Motosiklet tipli dəri gödəkçələrə də xüsusi diqqət yetirməlisiniz. Bu gödəkçələr adətən sərin və üsyankar görünüş yaradır. Asimmetrik fermuar və moto detallara malikdir. Belində kəmər olan dəri gödəkçələr də bu mövsüm aktual olacaq ki, bu da bədən ölçülərinizi xüsusilə vurğulayacaq və görünüşünüzə incə toxunuş əlavə edəcək.
Bədən ölçüləri demişkən, balıq ətli və nisbətən kilolu xanımlar dəri gödəkçə seçimində olduqca diqqətli olmalıdırlar. Qismən uzun, çanaq xəttlərini örtəcək gödəkçələrə üstünlük vermələri daha məqsədəuyğun hesab olunur. Bu uzunluqdakı dəri gödəkçələri istər ətəklər, istərsə də şalvarlarla rahat kombin edə bilərlər.
Çox qısa olan dəri gödəkçə sevən kilolu qadınlar, görünüşü tamamlamaq üçün bir qədər oversize paltarlar seçə bilərlər. Onu da qeyd edək ki, 2024-cü ildə həddindən artıq dar və ya bədənə tam oturan paltar, pencək və s. kimi üst geyimləri öz aktuallığını itirib. 2023-cü ildən başlayaraq, dəb kolleksiyalarında artıq daha boş, 1-2 bədən böyük təəssüratı yaradan paltarlar yer almağa başlayıb.
Dekorasiyalı dəri gödəkçələri də düşünmədən ala bilərsiniz. Sancaqlar, əl işi, yaxud sadəcə saplarla tikməli və ya digər dekorativ elementləri olan gödəkçələr xüsusi vurğu yaradacaq və geyiminizə özəllik əlavə edəcəkdir.
Rəng çalarlarına gəldikdə isə, stiliniz sakit və balanslıdırsa, açıq rəngli gödəkçəyə diqqət yetirin. Əksinə, dramatik notları sevirsinizsə, tünd tonlar, qaranın çalarları məhz sizin üçündür.
Bundan əlavə, “vintage” (retro) və “grunge distressed” (rokçuların üstünlük verdiyi solğun effektlər-boz palitralar) bu yaz trenddə olacaq. Rəng çalarlarına gəldikdə isə tünd qırmızı, zeytun, mavi və ya hətta çəhrayı da bu mövsüm dəb olacaq.
Dəri gödəkçəni yüngül ətəklər, şalvarlar və hətta Bermud şortlarla tamamlaya bilərsiniz.
Aynil
Sfera.az