Almaniya səfiri Rusiya XİN-ə ÇAĞIRILDI: “Bu səs yazısı..."

Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sfera.az bildirir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Qeyd olunub ki, buna səbəb Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında baş tutan söhbətlər və yayılan qeydlərdir.
“Lambsdorf bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”, - agentliyin mənbəsi bildirib.
Xatırladaq ki, rusiyalı təbliğatçı Marqarita Simonyanın yaydığı səs yazısında Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar. Almaniya kansleri Olaf Şolts bu səs yazısının ciddi məsələ olduğunu bildirib.
“Məsələ hazırda çox intensiv, diqqətlə araşdırılır”, - o qeyd edib.
Almaniya Müdafiə naziri Boris Pistorius, “Bu səs yazısı sabitliyimizi pozmaq və bizi narahat etmək məqsədi daşıyır”, - vurğulayıb.
Günay