Tarix yenidən TƏKRARLANIR: “Çin dünyanı şoka salacaq”

“Vaşinqton Pekinlə iqtisadi və maliyyə rəqabətində önə çıxır”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ-nin milli daxili məhsulu dinamik inkişaf mərhələsinə qədəm qoyub və o, bu göstəriciyə görə Çini üstələyib. Ekspert “Bloomberg” agentliyinin aylıq iqtisadi analitik hesabatına istinad edib.
“Beynəlxalq Valyuta Fondu ABŞ-nin ötən il milli daxili məhsulunun 6.3 faiz artdığını qeydə alıb, Çində isə bu rəqəm 4.3 faizdir. Bununla ABŞ dünyanın bir nömrəli iqtisadi gücü olduğunu sübut edib. Çin lideri Si Cinpin Rusiya lideri Vladimir Putinlə birgə çoxqütblü dünya formalaşdırmağa çalışır. Ona görə də ABŞ iqtisadiyyatının gücünü bir daha təsdiq etməsi Pekin və Moskva cütlüyü üçün pis xəbərdir. 2018-ci ildən ABŞ ilə Çin arasında ticarət müharibələri davam edir”.
E.Şahinoğlu bildirib ki, “Wall Street Journal” dərgisində Çinin dünya ticarətinə yeni təhlükə yaratdığı barədə məqalə yayımlanıb:
“Çin ixrac etdiyi məhsulların həcmini artıracaq. Bunu yeni “Çin şoku” adlandırıblar. Yaxın tarixdə belə hadisə baş verib. Çin 1990-2000-ci illər arasında müxtəlif ölkələri ucuz məhsulları ilə “tanış” edib. Nəticədə bəzi ölkələrdə yerli müəssisələr bağlanıb. Misal üçün, ABŞ-də 1999-2011-ci illər arasında 2 milyon iş yeri itirilib. Çin məhsulları ucuz olduğundan rəqabət aparmaq çətin olub. İndi Çin yenidən ixracatı canlandırmaq qərarına gəlib. Pekin bu yolla Çində artan inflyasiyanın və iqtisadi artımın zəifləməsinin qarşısını almağı hədəfləyib. Çin bu dəfə müxtəlif ölkələrə texnoloji məhsulların ixracatını artıracaq. Bu, Qərb ölkələri üçün yeni problemlər yaradacaq”.
Günay