Ermənistan-Fransa əlaqələri, Parisin MƏKRLİ PLANLARI: “Heç nə dəyişməyəcək”

“Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sabitlik perspektivlərinin, xalqların birgə yaşayış və qarşılıqlı etimad mühitinin formalaşmasının qarşısında əsas əngəl Fransadır”.
Bunu Sfera.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. O qeyd edib ki, fevralın 21-də Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə mətbuat konfransında səslənən fikirlər bunu bir daha sübut edir.
Millət vəkilinin sözlərinə görə, bu gün Fransa faktiki olaraq ümumbəşəri dəyərləri özünün imperialist, təcavüzkar mahiyyətdə ehtiva olunan riyakar maraqlarına qurban verərək irticaçı subyekt kimi çıxış edir və onsuz da revanşist təfəkkürdən qurtulmamış İrəvanı öz məqsədləri üçün yenidən alətə çevirir:
“Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı qələbə bu gün Cənubi Qafqazda dayanıqlı sülh üçün tarixin heç bir dövründə olmadığı qədər münbit imkan yaradıb. Belə bir məqamda Makronun erməni təəssübkeşi kimi davranaraq İrəvanı yenidən silahlandırmaq vədləri, fevralın 12-dəki sərhəd təxribatında haylara açıq dəstək verməsi anlaşılmazdır. Fransa Prezidenti, həqiqətən də, Ermənistanın və erməni xalqının maraqlarını düşünsəydi, mövcud reallıqlara Ermənistan üçün yeni imkan kimi yanaşar, özünün və ölkəsinin təsir imkanlarından istifadə edərək mümkün qədər sülh və sabitliyin daha qısa müddətə reallaşmasına çalışardı. Görünən odur ki, Fransa Cənubi Qafqazda sülh və dayanıqlı sabitliyi özünün neoimperialist maraqlarının realizə olunmasına təhdid kimi baxır”.
Müsahibimiz qeyd edib ki, Paris Cənubi Qafqazda sülh əleyhinə cinayətlərin təhrikçisi və təşkilatçısı kimi çıxış edir:
“Təəssüf ki, 3 il ərzində iki dəfə kapitulyasiya imzalamağa məcbur olan Ermənistan da reallıqlardan dərs çıxarmır və Fransanın təhrikedici ritorikasının parçasına çevrilərək özünün dövlətçiliyini, milli təhlükəsizliyini yenidən təcavüzkar ritorikaya və miflərə qurban verir. Lakin heç kim unutmamalıdır ki, yeni dövr üzrə Azərbaycanın xarici siyasət kursunda Ermənistanla münasibətlər bizim üçün prioritet deyil. Prezidentin andiçmə mərasimində dediyi kimi, "Azərbaycan artıq dünyanı narahat edən qlobal məsələlərlə məşğuldur". Yəni xarici siyasət kursumuzda Ermənistan kimi hansısa üçüncü dövlətlə münasibətləri nizamlamaq, yaxud Fransa kimi imperialist, əli qana batmış dövlətlə əlaqələri dərinləşdirmək kimi xüsusi hədəflərimiz yoxdur. Konkret İrəvana gəlincə, ölkə başçısının təbiri ilə desək, "İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, sülh müqaviləsi imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək." Biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya xalqları ilə beynəlxalq hüquq normaları çərçivəsində mehriban əlaqələr qurmaq niyyətindəyik. Lakin bu, bərabərhüquqlu tərəfdaşlıq və bəynəlxalq hüquqa əsaslanan əməkdaşlıq formasında ola bilər. Makronun ritorikasından görünür ki, o, Cənubi Qafqazda bərabərhüquqlu tərəfdaşlıq yox, diqtə etmək və imperialist niyyətlərini yeritmək üçün marionet subyekt axtarışındadır. Bu mənada, Fransanın niyyətləri məhz Ermənistanın hazırkı durumu ilə üst-üstə düşür”.
Deputat son olaraq bildirib ki, Paris bölgədə maraqlarını müdafiə etmək niyyətindədirsə, Azərbaycanın yaratdığı status-kvo ilə hesablaşmağa məcburdur:
“Bu mənada, Fransanın Ermənistanı yenidən silahlandırması, Makronun Paşinyanla birgə mətbuat konfransında yeni texnologiyalar vəd etməsi özlüyündə bölgədə heç nəyi dəyişə bilməz. Əksinə, Ermənistanı əsassız olaraq inandıraraq yenidən münaqişəyə təşviq etməklə bu ölkədə dövlət böhranının, Ermənistanın "failed state" statusunun daha da dərinləşməsinə səbəb olacaq. Düşəcəyi daha çıxılmaz vəziyyətə görə isə Prezidentin 14 fevralda Milli Məclisdə də bəyan etdiyi kimi, "O inamı onlara verənlər Ermənistan rəhbərliyi ilə bərabər bütün məsuliyyəti daşıyırlar və bölüşürlər.””.
Günay