Azərbaycanda bu ailələrə MÜAVİNƏT VERİLƏ BİLƏR

Azərbaycanda bu ailələrə MÜAVİNƏT VERİLƏ BİLƏR

“Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır”. 


Bunu Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

 

İqtisadçı ekspertin sözlərinə görə, bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çoxuşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər.

 

Millət vəkil qeyd edib ki, çoxuşaqlı ailələrin daha yaxından dəstəklənməsi təqdirəlayiqdir:

 

“Azərbaycan təbii artıma malik olan ölkələrdən olsa da belə təşviqedici metodlar ilə bu tendensiyanın qorunub saxlanması çox vacibdir. Bununla yanaşı, çoxuşaqlı ailələrin sayına yenidən baxılması və dəyişdirilməsi məqsədəuyğundur. Belə ki, keçmiş ittifaq dağılandan sonra çox uşaqlı ailələrin sayında kəskin azalmalar müşahidə edilir. Bu isə "çoxuşaqlı ailə" anlayışına yenidən baxılmasını zəruri edir”.

 

Ekspert əlavə edib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sonuncu siyahıyaalmada 2 milyon 293 min ailə qeydiyyatdan keçib:

 

“1 milyon 347 min ailədə 18 yaşadək uşaqlar var. Say baxımdan 2 uşaqlı ailələr üstünlük təşkil edir, bu rəqəm 557 mindir. 6 və daha çox uşağı olan ailələrin sayı isə 16 min 169-dur. 9 332 ailədə altı, 3 565 ailədə yeddi, 1 748 ailədə səkkiz, 1 524 ailədə isə doqquz və daha çox uşaq var. Göründüyü kimi, 6 və daha çox uşağı olan ailələrin sayı ölkə üzrə ümumi ailələrin sayı ilə müqayisədə xeyili azdır”.

 

Deputat 3-dən çox uşağı olan ailələrə müavinət verilməsinin məqsədəuyğun olduğunu vurğulayıb:

 

“Üçdən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi baş verərsə, bu daha çox ailəni əhatə edə bilər. Hazırda 110 min ailədə dörd və daha çox uşaq var. Bu isə o deməkdir ki, çoxuşaqlı ailə anlayışına yeni yanaşma olduğu halda 110 min ailə bu növ müavinətdən faydalana bilər. Bu baxımdan üçdən çox uşağı olan ailələrə müavinətin verilməsi və pensiya yaşında güzəştin edilməsi, maliyyə yükünün hesablanması və buna uyğun qərarın verilməsi məqsədəuyğun olardı”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR