Navalnının qardaşı Rusiyada yenidən axtarışa verildi

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi mərhum Aleksey Navalnının qardaşı Oleq Navalnını yenidən axtarışa verib.
Sfera.az bildirir ki, Oleq Navalnı 2022-ci ilin yanvarında da axtarışa verilmişdi. Rusiya hüquq-mühafizə orqanları Aleksey Navalnının qardaşının hansı maddəsi ilə axtarışa verildiyini açıqlamayıb.
Qeyd etdiyimiz kimi, Oleq Navalnı 2022-ci ilin yanvarında federal axtarışa verilib. Elə həmin ilin fevralında məhkəmə onun müfəttişlikdə qeydiyyatda olmaması səbəbindən “sanitar işi” adlanan iş üzrə şərti cəzasını real cəza ilə dəyişdirib.
“Sanitar iş”in özü 2021-ci ilin yanvarında o vaxt həbsdə olan Aleksey Navalnıya dəstək məqsədilə keçirilən razılaşdırılmamış mitinqdən sonra başlayıb. Sonra Navalnının müttəfiqi Lyubov Sobol və siyasətçinin mətbuat katibi Kira Yarmış hər birinə bir il yarımlıq həbs cəzası verilib. Rusiya müstəntiqlərinin fikrincə, müttəhimlər Aleksey Navalnıya dəstək aksiyasına çağırıblar və bununla da insanları Covid məhdudiyyətlərini pozmağa təhrik ediblər.
Bundan əvvəl, 2014-cü ildə Oleq Navalnı, Aleksey Navalnı ilə birlikdə “Yves Rocher” şirkətinə logistika xidmətlərinin göstərilməsində oğurluqda ittiham olunduğu işdə üç il yarım həbs cəzası alıb. Bu iş üzrə Aleksey Navalnı da 3 il yarım azadlıqdan məhrum edilib, lakin onun cəzası şərti cəza ilə əvəz edilib.
Xatırladaq ki, rusiyalı müxalifət lideri Aleksey Navalnı fevralın 16-da Rusiya koloniyalarından birində dünyasını dəyişib. Federal Penitensiar Xidmətin regional şöbəsi siyasətçinin gəzintidən dərhal sonra xəstələnib, huşunu itirdiyini bildirib.
Fevralın 19-da müxalifətçinin həyat yoldaşı Yuliya Navalnaya ərinin işini davam etdirəcəyini bildirib və rusları “rejimlə mübarizəyə” çağırıb.
Aysel
Sfera.az