Əhalisi 100 minə çatmayan ÖLKƏLƏR - ADLAR + FOTOLAR
Dünyada əhalisinin sayı 100 minə çatmayan ölkələr var.
Sfera.az xarici KİV-ə istinadən bu ölkələri təqdim edir.
Nauru birinci yerdədir. Avstraliyanın şimal-şərqində yerləşən bu ölkənin əhalisi 10 min nəfərdir. Nauru sakit və təbii mühiti ilə diqqəti cəlb etsə də, buranın turistik yer olduğunu deyə bilmərik. Nəqliyyat çatışmazlığı bu məsələdə böyük amildir.
İkinci yerdə əhalisi 4000 ilə 6000 arasında dəyişən Montserratdır. Əhalinin dəyişməsinə səbəb ətrafdakı vulkanlardır. Sıldırım dağ mənasını verən Montserrat 1492-ci ildə Kristofer Kolumb tərəfindən kəşf edilmişdir.
Növbəti ölkə Müqəddəs Yelenadır. Atlantik okeanının cənubunda yerləşən bu vulkanik ada Birləşmiş Krallığın bir hissəsidir. İlk dəfə 1502-ci ildə dənizçilər tərəfindən kəşf edilib. 2008-ci ildə keçirilən son seçkilərə əsasən, əhalisi 4255 nəfərdir. Əsrlər boyu dənizçilər üçün böyük əhəmiyyət kəsb edən bu ada sürgün məqsədilə də istifadə olunub. Adaya sürgün edilən ən məşhur şəxs Napoleondur.
Cənubi Atlantik okeanında Pataqoniyadan 480 km şərqdə yerləşən Folklend arxipelaqı 776 kiçik adadan ibarətdir. Daxili işlərində müstəqil olsa da, bu ölkə xarici siyasətdə və müdafiədə Böyük Britaniyadan asılıdır. 2012-ci ildə edilən hesablamalara görə, bu ölkənin əhalisi 2932 nəfərdir. Xalqı qoyunçuluq və balıqçılıqla məşğul olan bu ölkəni ilk dəfə təxminən 1600-cü illərdə holland əsilli Sebald de Veertin kəşf etdiyi bildirilir.
Sakit okeanın cənubunda yerləşən və adalardan ibarət Niue dünyanın ən az məskunlaşılan ölkələrindən biridir. Təbii mühiti ilə seçilən Niueyə gedib çatmaq kifayət qədər çətindir. Bununla belə, Yeni Zelandiya və ya Avstraliya vasitəsilə transfer etmək mümkündür. 2016-cı ildə edilən hesablamalara görə, əhalisi 1624 nəfər olan Niue 18-ci əsrin üçüncü rübündə Ceyms Kuk tərəfindən kəşf edilib.
Cəmi 1411 nəfər əhalisi olan Tokelau Sakit okeanda Yeni Zelandiyadan asılı bir ada ölkəsidir. 1948-ci ildə qurulan bu ölkə Monarxiya sistemi ilə idarə olunur.
Xristianlığın katolik təriqətinin inzibati mərkəzi olan Vatikanın ölkə və ya şəhər olması ilə bağlı müxtəlif fikirlər mövcuddur. Çünki Vatikan əslində İtaliyanın Roma şəhərində yerləşir. Əhalisi təxminən 500 nəfərdir. Turistlər də nəzərə alındıqda bu rəqəm 1500-ə çatır.
Havaydan 3500 km məsafədə yerləşən Pitkern adaları Sakit okeanda çox kiçik bir icmadan ibarətdir. Ən qədim məskunlaşma izləri 11-ci əsrə aid olan Pitkernin cəmi 50 nəfərlik əhalisi var. Əvvəllər adada yalnız dəniz quldurları yaşayıb, sonra balina ovçuları 1808-ci ildə Pitkernə rast gəliblər və bu kiçik ada qitələrarası səyahət edən gəmilər üçün limana çevrilib.
Sosial mediada fotolarına rast gəldiyiniz Silend əhalisi cəmi 27 nəfərdir. Sahəsi 550 kvadratmetr olan Silend İkinci Dünya Müharibəsi zamanı alman təyyarələrinin qarşısını almaq üçün İngiltərə tərəfindən dəniz qalası olaraq inşa edilmişdir. Silendin rəsmi dili ingilis dilidir və pul vahidi Silend dollarıdır.
Firuzə Əliyeva