"Kamranı öldürəndən sonra meyiti quyuya atdım" - Rəssam-modelyerin atasının qətli ilə bağlı məhkəmə

Rəssam-modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirlən Mustafa Zeynalovun istintaqa verdiyi ifadələr elan olunub. Qeyd olunub ki, M. Zeynalov istintaq zamanı fərqli, bir-biri ilə ziddiyyət təşkil edən ifadələr verib, bu səbəbdən məhkəmədə həmin ifadələr elan olunur.

 

M. Zeynalov istintaqda sərbəst ifadəsində hadisənin Namiq Əliyev tərəfindən törədildiyini deyib: "Kamranla maşında Nardaran istiqamətinə gedirdik. O dedi ki, pulu gətirib. Pul əlindıki çantatadır. Maşını mən sürürdüm. Kamran yanımda, Namiq isə arxada oturmuşdu. Namiq əsəbləşdi, başının arxasına şampan butulkası ilə vurdu. Maşını saxladım. Kamranla Namiq maşından düşdü. Namiq Kamranı vurmağa başladı. Maşından butulkanı götürüb Kamranın alnından vurdu. Kamran yıxıldı, gördük ki, ölüb. Üstünə daş qoyub yaxınlıqdakı quyuya atdıq. Namiqlə mənim Kamranı öldürmək barədə planımız olmayıb".

 

Təqsirləndirilən Mustafa Zeynalov sərbəst ifadəsi zamanı bu sözləri demədiyini bildirib. Prokuror M. Zeynalova niyə ifadəni oxumadan imzaladığını soruşanda isə o, "Müstəntiqə güvəndim deyə ifadəni oxumadım, birbaşa imzaladım".

 

Daha sonra M. Zeynalovun təqsirləndirilən şəxs kimi istintaqa verdiyi ifadə elan edilib:

 

"Kamranı Solmaz adlı xanıma görə tanımışam. Kamran dedi bir iş var, gəl birlikdə görək, ikimiz də pul qazanaq. Xaricdən 10 milyon dollar pul gəlməliydi. Biz o pulu aşağı faizlə nağdaşdırmalıydıq. Məni tanımadığım başqa millətdən olan iki nəfərlə tanış etdi. Birinin adı Viktor idi. Kamranda Viktorun 200 min pulu vardı. Kamran mənə də pul verməli idi. Ondan pul istəyəndə fırladırdı. Aramız dəydi. Bir neçə dəfə Namiq, Kamran və mən üçümüz görüşdük. Kamran deyirdi ki, pulu verəcəm. Bir dəfə Kamran mənə dedi ki, 200 min varımdı, ancaq başqa işə görə lazımdır. O pulu gətirib göstərə bilərəm. Namiq Nardaranda bağ almaq istəyirdi. Görüşəndə ona görə Namiqin bağ almaq istədiyu yerə tərəf sürdüm. Axırıncı dəfə görüşəndə Namiqə dedim Kamran pulla gələcək. Sonra Namiqlə Kamran dalaşdı. Namiq Kamranı vurdu. Sonra pulu götürdüm. 121 min manatı Namiqə verdim. Öz bağıma gəldim. Hadisə zamanı paltarım batmışdı deyə dəyişdirdim".

 

Daha sonra prokuror M. Zeynalovun istintaq zamanı verdiyi ifadələrin bir-biri ilə ziddiyyət təşkil etdiyini deyib.

 

Qeyd olunub ki, Mustafa Zeynalov başqa bir ifadəsində Kamran Bəkirovu öldürdüyünü etiraf edib: "Bir dəfə Kamran mənə dedi ki, Viktor bağ almaq istəyir. Dedi ki, ancaq sənədləri tam olsun. Mən də bu barədə Namiqə dedim. Namiq 70 minə bağ tapdı. Kamrana dedi ki, bağın qiyməti 70 mindir, sən Viktora 130 min de. Kamran Viktora bağın qiymətini 130 min dedi. Viktorla “Gənclik”də görüşdük. Məndən 200 mini istədi. Dedi fərq etmir, ya Kamran, ya da sən verməlisən. Kamrana zəng elədim ki, gəl görüşək. Telefonda Kamran dedi ki, gəl Viktoru öldürək. Sonra onu görüşə çağırdım. Pulu olduğunu və mənə göstərə biləcəyini dedi. Mən də o gələndə başını aldadıb pulu almaq istəyirdim. Pulu alıb Viktora verməyi planladım. Kamranı Maştağadan götürdüm. Görüşə Namiqin gəldiyi maşınla getdik. Namiq telefonla danışırdı. Kamranla mən qabaqda, Namiq arxada oturmuşdu. Kamrana dedim, pulu Viktora verək, borcumuzu bağlayaq. O isə dedi ki, vermək istəmir. O məni, mən də onu söydüm. Mənə dedi ki, düş aşağı, səni öldürəcəm. Mənə əl-qol atdı. Maşından düşəndə mənim başıma daşla vurdu. Mən də maşında özümü qorumaq üçün şampan butulkasını götürdüm. Alnına iki dəfə vurdum. Yerə yıxıldı, başı əvvəlcə kubikə, sonra çay daşına dəydi. Sonra gözlüyümü ağzına tutdum, gördüm şüşə yaşarmır. Namiqə dedim ki, kömək elə aldığımız bağ evinin həyətinə aparaq. O pis oldu. Kamranı quyuya təkbaşına atdım. İstintaqda verdiyim digər ifadələrdə Kamranı Namiqin vurduğunu demişdim. Ancaq yalan demişəm. Bütün hadisəni mən etmişəm".

 

Proses martın 7-də davam etdiriləcək.

 

Qeyd edək ki, hadisə ötən il aprelin 6-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib. İttiham aktına görə, Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev aralarındakı pul mübahisəsi zəminində 69 yaşlı Kamran Bəkirovu küt alətlə xəsarət yetirməklə qəsdən öldürməkdə təqsirləndirilirlər. Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə rayonun “Ləhiş bağları” ərazisindəki su quyusuna atıb, 285 min manatını götürərək hadisə yerindən qaçıblar.

 

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə yekun ittiham verilib.

 

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. Sonradan təqaüdə çıxana qədər şirkətdə hüquqşünas işləyib. Namiq Əliyev isə bankda çalışıb. (APA)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...