Türkiyə Yaxın Şərqdəki müharibəyə qoşulur? – “Başqa çıxış yolu yoxdur...” 

Türkiyə Yaxın Şərqdəki müharibəyə qoşulur? – “Başqa çıxış yolu yoxdur...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib. O, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Ərdoğan vurğulayıb ki, Türkiyə bütün bunlara baxmayaraq, sülh və sabitlik üçün çalışmağa davam edir:

 

“Çünki başqa çıxış yolu yoxdur. Qərb rəsmiləri bizimlə təmasa keçəndə onlara da eyni sözləri deyirik”.

 

Qeyd edilənlər fonunda, Türkiyə də Yaxın Şərqdəki müharibəyə qoşulur?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, İsrail-HƏMAS arasındakı savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir:

 

“Əksinə, müharibənin miqyası getdikcə genişlənir. Təl-Əviv geri çəkilmək istəmir. Bunun bir səbəbi İsrailin HƏMAS-ın ləğv olunması ilə bağlı qətiyyətli mövqeyidirsə, digəri ABŞ-nin proseslərdəki roludur. Vaşinqton Şərqi Avropadakı gedişlərini Yaxın Şərqdə də təkrarlayır. ABŞ-nin İsraili dəstəkləməsi, bu dövlətə göstərilən yardım müharibənin uzanmasına şərait yaradır. Ankara və Vaşinqton Yaxın Şərqlə bağlı fərqli mövqelərdədirlər. Bu isə istər- istəməz tərəflər arasındakı ikitərəfli münasibətlərə də təsir edir”.

 

Müsahibimiz bildirib ki, hər ötən gün Yaxın Şərqdəki sülh imkanı azalır:

 

“Bu isə rəsmi Ankaranın bölgə ilə bağlı maraqlarına uyğun deyil. Döyüşlərin miqyasının gələcəkdə daha da genişlənəcəyi mümkündür. Bu isə Türkiyə-ABŞ xəttində gərginliyin artmasına və Türkiyənin hərbi müdaxiləsinə səbəb ola bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR