"Bu, onu göstərir ki, Ermənistan hələ də..." - ŞƏRH

Sərhəddəki son insidentlə bağlı sosial şəbəkələrdə müzakirələr və iddialar davam edir. Bəziləri hesab edir ki, erməni snayperin təxribatına görə qarşı tərəfə zərbə endirmək vacib danışıqlar prosesinə zərər vura bilər. Çünki Ermənistan Müdafiə Nazirliyi atəşin erməni hərbçisi tərəfindən açıldığını etiraf etmiş və həmin hərbçini cəzalandıracağını açıqlamışdı.
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, təxribatçıların zərbə ilə cəzalandırılması qərarı bir neçə səbəbdən doğru idi:
“Birincisi, düşmənə heç zaman boşluq buraxılmamalıdır. Snayper atəşi cavabsız qalsa idi, sonrakı günlərdə başqa erməni snayperləri də Azərbaycan ərazisinə atəş açmağa həvəslənəcəkdilər.
İkincisi, Azərbaycan ordusunun erməni postunu darmadağın etməsi Ermənistanın Baş naziri Nikol Paşinyana mesaj idi. Çünki o, sülh sazişinin imzalanmasını yubatmaqla gərginliyin artmasına şərait yaradacaq, bu isə həm ona, həm də ölkəsinə baha başa gələcək.
Üçüncüsü, Paşinyan "Yerkrapa”nı sərhəddən uzaqlaşdırıb tərksilah etməsə, Ermənistan üçün ağır nəticələri olacaq, insidentlər yenə yaşanacaq. Əslində, Nikol Paşinyan son insidenti əlində rəhbər tutaraq ordu üzərindəki nəzarəti gücləndirə bilər. Təsadüfi deyil ki, məlum insidentdən sonra Ermənistan ordusunda müxtəlif təyinatlar həyata keçirilib. Ancaq sərhəddəki olaydan bir gün sonra Ermənistana məxsus pilotsuz uçuş aparatının Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi onu göstərir ki, qarşı tərəf hələ də lazım olan nəticələri çıxarmayıb”.
Firuzə Əliyeva