Sarkozi HƏBS EDİLDİ

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci il prezident seçkilərini qeyri-qanuni maliyyələşdirməyə görə 6 ay həbs cəzasına məhkum edilib.
Sfera.az xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi Sarkoziyə 6 ay həbs cəzası verib. Bundan sonra sabiq prezident daha 6 ay ev dustaqlığında qalmalıdır. Apellyasiya məhkəməsi 2021-ci ildə çıxarılan hökmü təsdiqləsə də, onu bir qədər yumşaldıb. Əvvəllər cəzaya bir il həbs də daxil olub. Sarkozi hökm elan edildikdən sonra yeni apellyasiya şikayəti verib.
Sabiq dövlət başçısı 6 ay həbsdə, sonra isə ev dustaqlığında yatmalı olacaq.
Hökm elan olunanda Sarkozi məhkəmə zalında olub və bundan dərhal sonra eks-prezidentin vəkili qərardan da kassasiya şikayəti vermək qərarına gəldiyini bildirib.
Qeyd edək ki, Fransanın keçmiş prezidenti 2012-ci il prezident seçkiləri kampaniyasına həddən artıq pul xərcləməkdə ittiham olunur. Faktlardan göründüyü kimi, qanuni yuxarı hədd 22,5 milyon avro olduğu halda, seçkilər ümumilikdə 43 milyon avroya başa gəlib. Baxmayaraq ki, Sarkozi hər iki məhkəmədə heç nə bilmədiyini iddia edib, Fransa ədliyyəsinə görə, keçmiş dövlət başçısı bu cür xərclərdən xəbərdar olub və bilərəkdən buna gedib.
Eyni zamanda, ittiham tərəfi prezidentliyə namizəd Nikola Sarkozinin (o vaxt Fransa prezidentinin) seçki fondunun limitin dolması ilə bağlı ən azı iki memorandumla xəbərdarlıq edildiyinə dair sübutlar təqdim edib.
Prokurorların fikrincə, sosialist Fransua Ollanda məğlub olan Sarkozi şansdan istifadə etmək qərarına gəlib və az qala hər gün keçirilən seçki mitinqləri ilə bahalı seçki kampaniyasına davam edib. Nəticədə, ittiham tərəfinin fikrincə, təşviqat kampaniyası ən azı 42,8 milyon avroya başa gəlib. Seçki qərargahı həddindən artıq xərcləri “Xalq Hərəkatı Uğrunda Birlik” sağçı partiyasının “tematik qurultaylarının təşkili” ilə əlaqələndirib. Əslində isə hər şey Sarkozinin nəzarəti altında olub. Xərclər “dost” şirkət “Bygmalion” və onun törəmə şirkəti “Event & Cie”nin üzərinə düşüb. Buna görə də bu məhkəmələr “Bygmalion işi” adlanırdı.
30 sentyabr 2021-ci ildə birinci instansiya məhkəməsi “Bygmalion” işi üzrə 13 nəfərə hökm çıxarıb, onlardan 10-u, o cümlədən Sarkozi qərardan apelyasiya şikayəti verib. Hazırkı hökm Sarkozi üçün daha yumşaq olsa da, o, reputasiyasını bərpa edə və özünün “böhtan” və “nağıl” adlandırdığı şeyi təkzib edə bilməyib.
Bundan əlavə, Nikola Sarkozinin Qətərə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun əldə edilməsinə kömək etmək, 2007-ci il seçki kampaniyasının “Qəddafinin pulu” ilə maliyyələşdirilməsi və ondan 3 milyon avro alması da daxil olmaqla, bir sıra digər məşhur işlərdə də əli olduğu iddia edilir. Bundan əlavə, Sarkoziyə qarşı Rusiyanın "Reso-Garantia" şirkəti ilə "məhkəmə alveri" şübhəsi ilə ilkin istintaq başlayıb.
Aynil
Sfera.az