“Bu mövzuların televiziyalarda göstərilməsi, ailələrin dağılmasına səbəb olub” - AÇIQLAMA 

“Bu mövzuların televiziyalarda göstərilməsi, ailələrin dağılmasına səbəb olub” - AÇIQLAMA 

Televiziyada gedən qüsurlar daha tez diqqəti cəlb edir və hər kəsin düşüncəsində iz qoyur. Müxtəlif zövqlü tamaşaçını tamamilə razı salmaq təbii ki, çətindir. Lakin bir çox hallarda, bu sahədə xoşagəlməyən tendensiyalar qabarıq şəkildə özünü göstərib. Televiziya elə bir sahədir ki, orada qüsurlar dərhal diqqəti cəlb edir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

“Bu gün təəssüf doğuran odur ki, bəzi TV-lərdəki şou aparıcılar, uzun müddət çalışmalarına baxmayaraq, onlarda elementar efir mədəniyyəti formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin verilişləri auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, telekanal rəhbərliyi belə verilişlərin reytinqinə və cəlb olunan reklamlara görə, həmin şəxslərin fəaliyyətinə yaşıl işıq yandırır. Bütün hallarda, teleleviziya verilişi hadisələrin fövqündə duraraq, zərərli tendensiyalardan uzaqlaşaraq, maarifçilik missiyasını qismən də olsa yerinə yetirməlidir. Şou proqramların özəlliklə maarifçilik missiyası var. Belə verilişlərdə məqsəd, cəmiyyətə informasiya vermək, maarifləndirmək və bunlarla bərabər, əyləndirmək olmalıdır”.

 

Əkrəm Baydəmirli diqqətə çatdırıb ki, tamaşaçını, əndazəni gözləmək şərtilə, əyləndirmək və informasiya vermək şou proqramın vacib elemetidir.

 

“Xoşa gəlməyən hal odur ki, bu verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Bu qənaətə gəlmək olar ki, şou proqram aparıcısında təhsilsizlik və digər səbəblər belə verilişin ortalığa çıxmasına gətirib çıxarır. Həmin şəxslər neçə illər əvvəl necə olubsa, demək olar ki, indi də televiziyanı eyni formada urvatsız günə salırlar. Aparıcı televiziyanın simasıdır. Əgər bu sima zədələnibsə, onu auditoriya qarşısına çıxarmaq tamaşaçıya hörmətsizlikdir”.

 

Müsahibin sözlərinə görə, peşəkar təndiqin olmaması, bu şəxslərin əl-qol açmasına rəvac verib:

 

“Onu da etiraf etmək lazımdır ki, televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq strateji hədəflərə doğru getmək mümkündür. Telekanal peşəkar davranışı, dürüstlüyü, cəmiyyətin problemlərinə həssaslığı və digər keyfiyyətləri ilə bu missiyanı yerinə yetirməlidir. Ailə institutunun dağılmasını hədəfləyən bəzi verilişlərdə qaldırılan məqamlar, televiziyanın müzakirə mövzusu olmamalıdır. Bu məsələlərin müzakirəsi və həlli yollarının tapılması TV-də deyil, bəzi dövlət qurumlarının səlahiyyəti çərçivəsində olmalıdır. Artıq yetərli şəkildə bəzi TV-lər ailə institutuna zərbə vura biliblər".

 

Əkrəm Baydəmirli qeyd edib ki, televiziyada və media sahəsində reklam bazarı çox ciddi təhlil olunmalıdır.

 

“TV-də bir çox problemlərin kökündə teleticarət və reklam bazarının tənzimlənməməsi problemi durur. Bu sahənin həqiqətən geniş araşdırılmasına ehtiyac var. Bu məqam telekanalların birbaşa fəaliyyətinə təsir göstərəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR