Valideynlər övladlarının problemlərini niyə gizlədirlər? - "İlk olaraq ən yaxınındakına zərər vurur"

Valideynlər övladlarının problemlərini niyə gizlədirlər? -

Ötən gün baş verən qandonduran hadisə fonunda, cəmiyyətimizdə övladlarının psixoloji problemlərini, xəstəliklərini gizləyən kifayət qədər valideynlərin olduğu bildirilir. Qeyd olunur ki, bu şəxslərin addımlarına görə, daha sonra bu cür ciddi hadisələr yaşana bilir.

 

Kənar şəxslərin fikirlərinə daha çox önəm verərək övladlarının problemlərini gizlədən valideynlərin bu davranışlarının səbəbi nələrdir? Onlar, əslində, belə hallarda necə davranmalıdırlar?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyib ki, psixoloji problemləri, narahatlıqları, pozuntuları və xəstəlikləri olan şəxslər peşəkar dəstək almalıdırlar:

 

“Psixoloji halları nizamsız olan şəxsləri cəmiyyətdən gizlətməklə, onları asosiallaşdırmaqla nəticə əldə etmək olmaz. Problemin “ört-basdır” edilməsi onu böyütmüş olur. Problemi kiçiltmək üçün ona elmi olaraq yanaşmaq lazımdır. Bütün övladlar valideynləri üçün qüsursuzdur. Belə yanaşmalar cinayət hadisələrinin reallaşmasına şərait yaratmış olur. Psixoloji halları nizamsız olan şəxslərdə empatiya hissi olmur. Ona görə də başqalarının həyatı onlar üçün dərk olunmazdır. Valideynlər övladlarına başqalarının həyatına mane olmamağı və başqaları ilə yaşamağı öyrətməlidirlər. Bu tərbiyə bütün yaş və hal kateqoriyalarına aiddir”.

 

Müsahibimiz bildirib ki, psixoloji halı nizamsız olan şəxslər ilk olaraq ən yaxınındakına zərər vurur:

 

“Psixoloji halı nizamsız olan şəxsləri qınamaq olmaz. Qınanılan halda onlar nifrətə və cinayətə təhrik edilmiş olur. Onların nizamsız nitqlərinin və davranışlarının uyğunsuz olduğunu ilkin mərhələdə müşahidə etmək olur. İnsanları xəstəlikləri ilə, olduğu kimi qəbul etmək lazımdır. O zaman onlara dəstək vermək mümkündür. Hər şeyi adı ilə çağırmağı bacarmaq lazımdır. Buna görə insanlar bir-birini qınamamalıdır. Hansısa kiçik də olsa bir detalın şahidi olunduğu zaman, mütləq mütəxəssisə müraciət edilməlidir. Psixoloji halın nizamsızlığı düşüncədə metastaz verir. Psixi sağlamlığın təməli düşüncədir. Düşüncənin zədələnməsi şəxsin həyatının yox olmasıdır”.

 

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Pikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Əhmədova Elmira Mehman qızını və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR