ABŞ və Türkiyə arasında “buzlar əriyir”? – “Hakimiyyət dəyişikliyi ilə...” 

ABŞ və Türkiyə arasında “buzlar əriyir”? – “Hakimiyyət dəyişikliyi ilə...” 

“Gələcəkdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-yə səfəri, həmçinin, liderlər səviyyəsində görüş mümkündür”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

O qeyd edib ki, Vaşinqton-Ankara arasında gərginliyin müəyyən qədər azalması istisna deyil:

 

“Amma ABŞ ilə Türkiyənin xarici siyasət kursları fərqli olduğuna görə, fundamental problemlər həllini tapmayacaq. Türkiyə ilə ABŞ arasında münasibələtlərin tamamilə yaxşılaşması üçün Ankara ən azından Moskva ilə münasibətlərinə ciddi redaktələr etməlidir. Bu isə yaxın gələcək üçün real görünmür. Çünki Ərdoğan hakimiyyətinin xarici siyasəti Rusiya ilə münasibətlərin qorunmasını tələb edir”.

 

Ekspert bildirib ki, ABŞ –dəkı prezident seçkilərinin nəticəsi Türkiyə ilə münasibətlərə müəyyən qədər təsir edəcək:

 

“Əgər seçkilərdə Respublikaçılar hakimiyyətə gələrsə, onda Ankara ilə münasibətlərdəki gərginlik azala bilər. Çünki Respublikaçılar Rusiya ilə münasibətlərdə daha loyaldırlar. Biz bunu Donald Trampın hakimiyyəti dövründə də görmüşdük. Əlbəttə, ABŞ ilə Türkiyə arasında münasibətlərin normallaşması hər iki tərəf üçün faydalı ola bilər. Bu, həm də gələcəkdə NATO daxilindəki parçalanmaların qarşısını ala bilər. Amma Ankara və Vaşinqtonun xarici siyasət kursundakı fərqli prinsiplər ciddi dəyişikliyin olmasını istisna edir. Bunun üçün heç olmasa iki ölkədən birində hakimiyyət dəyişikliyinə və ya xarici siyasət kursunun dəyişməsinə ehtiyac var”.

 

Müsahibimiz xatırladıb ki, tərəflər NATO daxilində müttəfiq olsalar da, Ankaranın fərqli regionlarla bağlı mövqeyi heç də Vaşinqtonun maraqları ilə üst-üstə düşmür:

 

“Nəinki Yaxın Şərq və Şərqi Avropada, həmçinin, Cənubi Qafqazda da tərəflərin maraqları üst-üstə düşmür. Türkiyə qeyd etdiyim regionlarda, o cümlədən Cənubi Qafqazda ABŞ-nin oyunlarını pozur. Bu isə tərəflər arasında ikitərəfli münasibətlərə mənfi təsir edir. ABŞ-nin Türkiyəyə F- 16 qırıcılarının yeni partiyasını tədarük etməsi uzun müddətdir tərəflər arasında mübahisə predmetidir. Bu məsələnin həlli tərəflər arasındakı “soyuq küləklərin” azalmasına kömək edə bilər. Çünki qismən olsa da, konsensus əldə olunub”.

 

Günay


OXŞAR XƏBƏRLƏR