"Sərhəddə təxribat törədən “Yerkrapa” terror təşkilatı Ermənistan hakimiyyətinə tabedir" - FAKTLAR AÇIQLANDI

Xəbər verdiyimiz kimi, fevralın 12-də sərhəddə Ermənistan tərəfindən törədilən təxribat nəticəsində bir azərbaycanlı hərbi qulluqçu yaralanıb. Ermənistanın sərhəd təxribatında müzakirə edilən əsas detallardan biri də hücumun “Yerkrapa” terror təşkilatının üzvləri tərəfindən edilməsidir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Asif Nərimanlı bilidirb ki, bu amil təxribatın rəsmi İrəvanın iradəsindən kənar baş verib fikirlərinin yaranması ilə nəticələnir:
“Könüllü batalyon kimi təqdim edilən “Yerkrapa”nın həmişə Ermənistanın hərbi rəhbərliyinə tabe olmadığı “imici” yaradılıb və Rusiyaya yaxın kimi göstərilib. Rəsmi İrəvan snayper atəşindən sonra məsuliyyətdən yayınmaq mövqeyini sərgilədi və verdiyi açıqlamalarla diqqəti ordu içindəki qruplaşmalara - “Yerkrapa” yönəltməyə çalışdı.
Ermənistan rəhbərliyinin sülh çağırışları da bu məsələdə fikirləri qarışdırır. Hərçənd, təkcə siyasi hədəflər yox, faktlar da snayperin tətiyinin Paşinyan hakimiyyəti tərəfindən “çəkildiyi”ni deməyə əsas verir”.
Politoloq qeyd edib ki, “Yerkrapa”nın Ermənistan tabeliyində olmasını sübut edən faktlar var:
“Birincisi, “Yerkrapa” I Qarabağ müharibəsində yaranmış batalyon kimi keçmiş “Qarabağ klanı”na, dolayısı ilə Rusiyaya yaxın qruplaşma kimi görünsə də, həmişə Ermənistan MN tərəfindən “əlavə qüvvə” kimi istifadə edilib. Qruplaşmanın hazırda sərhəddə dayanması da 44 günlük müharibədən sonra erməni ordusunda canlı qüvvə çatışmazlığından irəli gəlir.
İkincisi, terror qruplaşmasının hazırki rəhbəri Sasun Mikaelyan Nikol Paşinyana yaxın adamdır. Sarkisyanın dövründə onun partiyasının üzvü olsa da, 2008-ci ildə Paşinyanın da iştirak etdiyi aksiyaları dəstəklədiyi üçün uzaqlaşdırılıb və həbs olunub. 2018-ci ildə Paşinyanın “küçə inqilabı”na qoşularaq, onun komandasına daxil olub, 44 günlük müharibədən sonra bəzən tənqidi açıqlamalar versə də, hakimiyyətə bağlılığı davam edir. Nikol “Yerkrapa”nı “tuşonka generalı” Manvel Qriqoryandan alaraq, Mikaelyana verib, bu baxımdan, qruplaşmanın Ermənistan rəhbərliyinin iradəsindən kənar addım atması versiyası istisnadır.
Əslində təxribatın “Yerkrapa” qruplaşmasına həvalə olunması planın tərkib hissəsi kimi görünür. Bu, məsuliyyətdən yayınmaq üçün manevr etmək imkanını saxlamağa hesablanıb”.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Firuzə Əliyeva