Hindistan Rusiya silahından niyə imtina edib? - AÇIQLAMA

Hindistan Rusiyadan silah və hərbi texnika almaqdan imtina edib. Dehli Moskva ilə münasibətlərini gərginləşdirməməyə çalışsa da, Rusiya ilə məsafə saxlamağa çalışır.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, Dehlini öz siyasətini korrektə etməyə məcbur edib:
“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də hərbi texnikaların nümayişi xarakteri daşıyır. Müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikasını kənardan müşahidə və analiz edirlər. Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikasının keyfiyyətində ciddi problemlər mövcuddur. Bu müxtəlif araşdırmalarda da təsdiq olunub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu yayımladığı hesabatda göstərib ki, son 20 ildə Rusiya Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyib. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı olan silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər".
Politoloq qeyd edib ki, Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib.
“Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmir. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ ilə münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki, Rusiya özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur”.
Ülkər Abdurahmanlı