Dostları ilə təyyarəni partlatmaq zarafatı edən tələbənin sonu pis oldu - FOTO

18 yaşlı Hindistanlı (Britaniya vətəndaşı) universitet tələbəsi İspaniyada səs-küylü qalmaqala səbəb olub.
Sfera.az bildirir ki, dostlarına zarafatla göndərdiyi “Təyyarəni partlatacağam” mesajı ajiotaj yaradıb və onun məhkəməyə verilməsinə səbəb olub.
2022-ci ilin iyul ayında Aditya Verma Londondakı Gatwick hava limanında İspaniyaya təyyarə gözləyərkən dostuna göndərdiyi zarafatcıl mesaja görə məhkəməyə verilib.
“Snapchat”da dostlar qrupuna mesaj yazan Verma özünün fotosunu paylaşaraq “Təyyarəni partlatmağa gedərkən (Mən Talibanın üzvüyəm)” sözlərini yazıb.
Amma universitet tələbəsinin bu zarafatının sonu yaxşı bitməyib. Bu mesaj hava limanının simsiz internet şəbəkəsində həyəcan siqnalına səbəb olub. Londondakı kəşfiyyat xidmətləri vəziyyəti dərhal İspaniyaya bildirib. Amma Menorkaya gedən təyyarə artıq havaya qalxmışdı.
Təbii ki, İspaniya bu vəziyyətdən təşvişə düşüb və dərhal F-18 təyyarələri havaya qalxıb. Səlahiyyətlilər sərnişin təyyarəsində axtarış apararaq 18 yaşlı tələbəni həbs ediblər. O, 2 gün həbsdə qaldıqdan sonra zaminə buraxılıb. Verma evə qayıtdıqdan sonra da onu hüquq-mühafizə orqanları dindirib.
Londonlu gənc istintaqa zarafat etdiyini, Talibanın üzvü olmadığını və təyyarədə bomba partlatmaq fikrində olmadığını bildirib. Səlahiyyətlilər onun terror təşkilatının üzvü olduğuna dair heç bir sübut tapa bilməyiblər.
Lakin Verma məhkəmədən qaça bilməyib. İspaniya Müdafiə Nazirliyi məhkəməyə çıxarılan Vermadan təyyarələrin uçuş xərclərini qarşılamaq üçün düz 95 min avro tələb edib.
Aynil