"Məbləğ süni şişirilir, suallar orijinal deyil, o nəticələrlə heç bir ölkəyə ..." - DİM-in imtahan qiymətinə ETİRAZ

Azərbaycanda 2016-cı illə müqayisədə magistraturaya qəbul imtahanı üçün edilən ödəniş olduqca artırılıb. Belə ki, 2016-cı ildə qəbul imtahanının qiyməti 3 manat idisə, indi 50 manat təşkil edir.  


Bəs bu qiymətlər nəyə əsasən tənzimlənir? Niyə kəskin şəkildə artırılır? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qəbul imtahanı qiymətləri olduqca yüksəkdir:


“Azərbaycanda magistraturaya qəbul imtahanları 2005-ci ildən test vasitəsilə həyata keçirilir. 2005-2016-cı illər aralığında magistraturaya qəbul olmaq üçün imtahanın qiyməti 2 manat 50 qəpik, sonrakı dövrlərdə isə 3 manat olub. 2016-cı ildən sonra bu qiymətlər 20, 30, 40 və nəhayət 50 manat oldu. Bu qiymət kifayət qədər bahadır.


Bir imtahanın qiymətinin formalaşmasına xidmətlər cəmi təsir göstərir. Məsələn, sual kitabçasındakı sualların sayı, imtahan nəzarətçisi, çap materialları, kağız daşıyıcılar. Bunların hamısının qiyməti maksimum 16 manatdan çox ola bilməz”.

 

Ekspert qeyd edib ki, bu gün magistr üçün keçirilən imtahanın qiyməti reallığa uyğun deyil:

 

“Hər bir imtahan iştirakçısı üçün ayrıca imtahan kitabçası tərtib olunmur. Həmçinin, DİM qəbul imtahanında istifadə etdiyi sualların modellərini imtahandan əvvəl də test bankları formatında və yoxlama-ölçmə imtahanları təşkil edərək satır. Nəticədə, imtahan iştirakçılarına təqdim edilən suallar orijinal deyil. Həmin suallar və onların modelləri müxtəlif imtahanlarda istifadə edilir. 


İELTS, TOFEL, SAT kimi imtahanların qiyməti baha ola bilər, amma oradakı suallar orijinaldır, həmin imtahan nəticələri beynəlxalq səviyyə daşıyır. Lakin ölkəmizdə keçirilən magistr imtahanı nəticələri ilə heç bir ölkəyə gedə bilməzsiniz, amma digər adını çəkdiyim imtahan nəticələri ilə istənilən ölkədə qəbul ala bilərsiniz”. 


K.Əsədovun sözlərinə görə, qiymətlərin baha olması imtahan iştirakçılarının sayına da təsir edir:


“2016-cı ilə qədər imtahanlarda iştirak edənlərin sayı 30 minə yaxın idi, indi isə ən yaxşı halda 18 mindir. 2018-2019-cu illərdə heç bu rəqəm 10 minə belə çatmırdı. Azərbaycanda ali təhsilli insanların sayı azdır, həmçinin, elmə gələn insanların sayında kəskin azalma var. Ölkəmizdə bakalavr, magistr və dövlət qulluğuna qəbul imtahanlarının qiyməti fantastik dərəcədə bahadır. Qiymətlərin baha olması əlçatanlığa mənfi təsir göstərir, sosial vəziyyəti aşağı olan şəxslər imtahanlarda iştirak edə bilmir”.


Ekspert qiymətlərin yarıbayarı azaldılmalı olduğunu vurğulayıb:


“Təbii ki, DİM də pul qazanmalıdır, amma onsuz da onların bütün imtahanları pulludur. Pulsuz kimi göstərilən buraxılış imtahanlarının da vəsaiti dövlətdən alınır. Hətta DİM imtahanları iki dəfə keçirir. Təbii ki, bunu arxasında birmənalı şəkildə kommersiya maraqları durur.  Fevral ayında kifayət qədər bal toplamayan bakalavrlar mayda yenidən imtahanda iştirak edəcəklər. Beləliklə, müəyyən qədər məbləğ həmin quruma daxil olur. 


Heç yoxlayıcı şəxslərə də elə böyük məbləğ verilmir. Buna görə də xərclər çox deyil, sadəcə olaraq məbləğ süni şəkildə şişirilir. Qiymətin bu qədər baha olması əsassızdır. Heç bir halda imtahanların qiyməti 20 manatdan artıq ola bilməz. Hesab edirəm ki, qiymətlər heç olmasa 50 faiz azaldılmalıdır”.

 

Firuzə Əliyeva 


OXŞAR XƏBƏRLƏR