İlham Əliyev rekord səviyyədə səs topladı – Dövlət başçısını böyük uğura aparan SƏBƏBLƏR

İlham Əliyev rekord səviyyədə səs topladı – Dövlət başçısını böyük uğura aparan SƏBƏBLƏR

2024-cü ilin fevralın 7-də Azərbaycan prezidentini müəyyən etmək üçün keçirilən növbədənkənar seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev rekord səviyyədə səs toplayıb.Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə əsasən, səsvermədə iştirak edən şəxslərin etibarlı hesab olunan səslərinin 92,05 faizi İlham Əliyevə verilib. 


Sfera.az xatırladır ki, bundan öncə keçirilən 4 prezident seçkisində də İlham Əliyev yüksək faizlə səs toplamışdı. Lakin son seçkidə toplanan səslərin payı əvvəlkilərdən yüksəkdir. 


2003-cü il seçkilərinin nəticələrinə əsasən, İlham Əliyev səsvermədə iştirak edənlərin 76,84 faizinin səsini toplayıb. 2008-ci ildə toplanan səslər 87,34 faiz, 2013-cü ildə 84,54 faiz, 2018-ci ildə isə 86,02 faiz olmuşdu. 


Son seçkidə İlham Əliyevin aldığı səslərin payının artması 2018-2023-cü illəri əhatə edən prezidentlik dövründə Azərbaycanda çox mühüm hərbi, siyasi və iqtisadi hadisələrin baş verməsi ilə əlaqədardır. 


Sözsüz ki, 2020-ci ildə 44 gün davam edən II Qarabağ müharibəsində böyük qələbənin əldə edilməsi, həmçinin 2023-cü ilin 19-20 sentyabr tarixlərində uğurlu antiterror əməliyyatlarının həyata keçirilməsi əhalidə mövcud dövlət başçısına qarşı etimadı gücləndirib. Bu əməliyyatlar nəticəsində uzun müddət işğal altında qalan ölkəmizin 20 faiz ərazisi işğaldan azad edildi və bunun nəticəsində Azərbaycanın bütün ərazisində dövlətimizin suverenliyi təmin edildi. 


Xüsusən 2020-ci ilin noyabrın 7-də Şuşanın işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrın 29-da Xankəndi şəhərinin Azərbaycan polisinin nəzarəti altına keçməsindən sonra 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırması, 8 noyabr 2023-cü ildə isə şəhərdə II Qarabağ müharibəsində əldə olunan qələbəyə həsr olunan təntənəli hərbi paradın keçirilməsi xalqın yaddaşında önəmli hadisə kimi iz salıb. 


Bu önəmli hadisələrdən başqa Azərbaycanda son 6 ildə müsbət mənada ciddi iqtisadi və sosial dəyişikliklər də baş verib. İqtisadiyyatda geniş islahatlar həyata keçirilib, şəffaflıq təmin edilib, ölkəmizdə korrupsiya və rüşvətxorluq halları xeyli azaldılıb, əhalinin gəlirlərində nəzərəçarpacaq artıma nail olunub. 


Ötən müddətdə ölkəmizdə minimum əməkhaqqı 130 manatdan 345 manata, orta əməkhaqqı 545 manatdan 930 manata yüksəldilib. Vergi Məcəlləsinə olunan dəyişiklik xalis əməkhaqlarında da ciddi artıma imkan verib. Məcəlləyə olunan dəyişikliyə əsasən, dövlət və neft-qaz sektorundan kənarda muzdla çalışan şəxslərin maaşlarından vergi tutulması təxirə salınıb. Bu düzəliş xalis əməkhaqqının daha çox artmasına səbəb olub. 


Maaşlarla bərabər pensiyalarda da nəzərəçarpacaq artım qeydə alınıb. Minimum pensiyaların məbləği 110 manatdan 280 manata, təyin olunan pensiyaların orta məbləği isə 192 manatdan 400 manata çatıb. 


Bu və digər dəyişikliklər hesabına Azərbaycan əhalisinin gəlirləri xeyli artıb. Gəlirlər 2017-ci ildə 49,2 milyard manat olduğu halda 2023-cü ildə 78 milyard manatı keçib. 


Beləliklə, 2018-2023-cü illərdə hərbi, siyasi və iqtisadi sahədə müsbət yeniliklərin olması İlham Əliyevin son seçkilərdə daha yüksək səs almasını şərtləndirib.   


Vasif


OXŞAR XƏBƏRLƏR