“Böyük Qayıdış”la bağlı atılan addımlar - Quruculuq işləri davam edir

“Böyük Qayıdış”la bağlı atılan addımlar - Quruculuq işləri davam edir

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas prioritetlərdən biri də işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunmasıdır.

 

Sfera.az bildirir ki, bu istiqamətdə artıq dövlət tərəfindən önəmli addımlar atılıb.

 

Məsələn, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair” dövlət proqramının təsdiq edilməsi bunlardan biridir. Proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-ci ilədək 34 500 ailə köçürüləcək. Ötən ilin ən mühüm nailiyyətlərindən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq prosesi idi.

 

Məsələn, mart ayında Talış kəndinə, mayda Laçına, avqustda Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlər baş tutdu.

 

Prezident İlham Əliyev də ötən il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Xocalı və Xankəndi ilə bağlı müjdə vermişdi.

 

“2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, - ölkə başçısı vurğulamışdı.

 

Ümumiyyətlə, son üç ildə işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri təqdirəlayiqdir. Qısa müddətdə Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni aeroportların tikilməsi istiqamətində atılan addımlar, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət, Ağdam və Füzuli şəhərlərinin Baş planlarının təsdiqlənməsi bunu sübut edir.

 

Qeyd edək ki, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında qalıb. Həmin dövrdə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub, iqtisadiyyata əhəmiyyətli zərər vurulub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan xalqı isə qurub-yaradan xalqdır. “Böyük qayıdış” çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə görülən bütün işlər məhz torpaqların Azərbaycana məxsus olduğunu sübut edir.

 

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış iAzərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.

 

Günay

 

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR