“Ermənistan yenidən müharibəyə hazırlaşır” - Deputat

“Ermənistan yenidən müharibəyə hazırlaşır” - Deputat

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin əhəmiyyətini artıran məsələlərdən biri də, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi idi.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Bu seçkilərə qədər kimin ağlına gələ bilərdi ki, Xankəndi, Xocalı və Xocavənd azad olunacaq, orada Azərbaycan bayrağı dalğalanacaq və Azərbaycan Prezidenti öz səsini Xankəndidə verəcək. Həqiqətən də, hər birimiz çox böyük tarixi, şərəfli və qürurlu günlərin şahidiyik. Heç şübhəsiz ki, bu qələbədə xalqımızın birliyi, qəhrəman Vətən övladlarının şücaəti böyük rol oynayıb. Ancaq ən böyük rolu Müzəffər Ali Baş Komandan İlham Əliyev oynayıb. 90-cı illərin əvvəllərində də Azərbaycan xalqı torpaqların işğalının qarşısını almaq üçün ciddi mübarizə aparıb. Ancaq həmin dövrdə ölkəyə rəhbərlik edə biləcək, ordunu irəli apara biləcək güclü lider yox idi. Əvvəllər də dəfələrlə dediyim kimi, həmin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsə, bəlkə də, bu gün müstəqil Azərbaycan yox idi".

 

Deputat diqqətə çatdırıb ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan, vətəndaş müharibəsindən, parçalanmaqdan, növbəti dəfə müstəqilliyini itirməkdən xilas olub və yeni mərhələyə qədəm qoyub.

 

“Bu günkü uğurlarımızın təməlində məhz həmin siyasət durur. Prezident İlham Əliyevin prezidentlik dövrünə gəldikdə isə, heç şübhəsiz ki, bu dövrdə də Azərbaycan böyük inkişaf yolu keçib. Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycan xalqına bu tarixi zəfəri yaşada bilməzdi. Son prezident seçkiləri ilə Azərbaycan olduqca mühüm mərhələyə daxil olub. Reallıq ondan ibarətdir ki, Ermənistan işğalla barışmayıb və yenidən müharibəyə hazırlaşır. Bu mərhələnin nə qədər həssas olduğunu göstərən məqamlardan biri də budur. Bu gün dünyamız barıt çəlləyinə bənzəyir. Dünyanın əksər ölkələrində qarşıdurma və müharibələr davam edir. Bu il olduqca çətin il olacaq. Bəzi dövlətlər ərazilərini və müstəqilliyini itirəcək. Bizə gəldikdə isə, görünən odur ki, qələbəni qorumaq onu əldə etmək qədər çətindir. Qarşıda çox ciddi hədəf və məqsədlər durur. Hazırkı həssas mərhələdə hər birimizin üzərinə çox mühüm vəzifələr düşür. Hamımız bu məsuliyyəti dərk etməli, güclü, müstəqil Azərbaycan naminə üzərimizə düşən məsuliyyəti ləyaqətlə yerinə yetirməliyik".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR