Millət vəkillərinin seçkilərlə bağlı TƏƏSSÜRATLARI: “Növbə var, aktivlik yüksəkdir” 

Millət vəkillərinin seçkilərlə bağlı TƏƏSSÜRATLARI: “Növbə var, aktivlik yüksəkdir” 

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb. Səsvermə saat 08:00-da başlayıb, saat 19:00-da isə başa çatacaq.

 

Sfera.az millət vəkillərinin səsvermə prosesi ilə bağlı təəssüratlarını öyrənib.

 

Müsahibimiz, deputat Nəsib Məhəməliyev saytımıza açıqlamasında deyib ki, seçkilər gözlənildiyi kimi, yüksək vətəndaşlıq fəallığı şəraitində keçir:

 

 

“Mən özüm səs verəndən sonra şəhərdə bəzi məntəqələri müşahidə etdim. Hər yerdə canfəşanlıq, bayram əhval-ruhiyyəsi hiss olunurdu. Bu da təbiidir. İnsanlara sabitlik, təhlükəsiz mühit lazımdır. Azərbaycan cəmiyyəti kifayət qədər siyasiləşmiş cəmiyyətdir və dünyada gedən mürəkkəb proseslərdən məlumatlıdır. Seçici aktivliyini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, seçkiləri müşahidə edən çoxsaylı xarici qonaqlar da prosesin qanun pozuntusu olmadan keçdiyinin şahidi olacaqlar”.

 

Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, saat 07.45-dən artıq öz qeydiyyatı üzrə seçki məntəqəsindədir:

 

 

“Qalib ölkənin adına layiq seçici aktivliyi müşahidə etdik. Seçki prosesi qanunvericiliyin tələblərinə tam əməl olunmaqla yüksək səviyyədə təşkil olunub. Səsimizi verməklə maneəsiz formada konstitusion hüququmuzu reallaşdırdıq. Xalqımız və dövlətimiz üçün xeyirli olsun”.

 

Deputat Ceyhun Məmmədov səsvermədə iştirak etdiyini vurğulayıb:

 

 

“Hesab edirəm ki, seçkilər ən yüksək səviyyədə keçirilir, aktivlik də yüksəkdir. Vətəndaşlar bu gün fəal formada səsvermə prosesində iştirak edirlər. Biz tariximizin ən mühüm dövrlərindən birini yaşayırıq. İllər öncə müstəqilliyimizi bərpa etsək də, torpaqlarımızın 20 faizi işğal altında idi. Biz tam suveren və müstəqil olduğumuzu söyləyə bilmirdik. İndi isə tam müstəqilik, suveren dövlət qurmuşuq. Bu anlamda düşünürəm ki, bu günü qeyd etməyin, Zəfəri yaşamağın özü də önəmli hadisədir. Ona görə də, hər birimiz bu prosesdə fəal iştirak etməliyik. Azərbaycanın xoşbəxt gələcəyinə səs verməliyik”.

 

Digər müsahibimiz deputat Naqif Həmzəyev səsvermə hüququndan istifadə etdiyini deyib:

 

 

“Açığı, əvvəlki dövrlərdən fərqli olaraq seçki məntəqəsi qarşısında böyük növbə ilə rastlaşdım. Bu səbəbdən xeyli gözləməli olduq. Hətta həmin ərazidə yerləşən digər məntəqələrdə də əhalinin növbədə olduğunu müşahidə etdim. Bu isə o deməkdir ki, növbədənkənar prezident seçkilərinə çox böyük maraq var. Seçicilərimiz elə ilk saatlardan gəlib öz səsvermə hüquqlarından istifadə etmək və öz səslərini vermək istəyirlər. Bu, həqiqətən bizi sevindirir. Çünki bu seçkilər çox əlamətdar və tarixi hadisədir. Biz ilk dəfədir ki, bütün torpaqlarımızda, ərazilərimizdə səsverməni keçirə bilirik. Şükürlər olsun, hər bir Azərbaycan vətəndaşının arzusu çin olub. Eyni zamanda mənim müşahidəçi statusum var və müşahidələrimə davam edirəm. Günün sonunda da hansısa məntəqələrin birində səslərin sayılması prosesini müşahidə edəcəm. Ümumilikdə, bu saata olan fikirlərimə əsasən deyə bilərəm ki, böyük aktivlik var. Seçicilərimizin əksəriyyəti səsvermə hüququndan istifadə edəcəklər və Azərbaycanda həmişə olduğu kimi seçkilər demokratik, azad keçiriləcək. Ölkəmiz üçün bu, xeyirli və uğurlu olacaq. Hər kəsi təbrik edirəm”.

 

Günay


OXŞAR XƏBƏRLƏR