Tokayev hökuməti istefaya göndərdi: “Xırda tərpəniş sonu ola bilər” - PROQNOZ 

Tokayev hökuməti istefaya göndərdi: “Xırda tərpəniş sonu ola bilər” - PROQNOZ 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb. Məlumata görə, yeni hökumət formalaşdırılana qədər Baş nazir səlahiyyətlərini əvvəlki kabinetdə Baş nazirin birinci müavini Roman Sklyar icra edəcək.

 

Qeyd edək ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Tokayevin Baş nazir Alixan İsmayılovdan başqa bütün nazirlərə yeni hökumət qurulana qədər vəzifəsini icra etmək tapşırığını verməsi diqqət çəkir:

 

“Görünür, Tokayev İsmayılovla vidalaşmaq istəyir. O, Qazax hökumətinin başına Qazaxıstanda kütləvi etirazların fonunda gətirilmişdi. 2 il əvvəl Tokayev onu Baş nazir təyin edəndə qarşısında nisbətən sözəbaxan hökumət başçısı istəyirdi. İndi nə dəyişdi ki, Tokayev belə bir Baş naziri istəmir? Hazırda Qazaxıstan Baş naziri olmağa ən şanslı namizəd Roman Sklayrın özüdür. Yeni Qazax hökumətinin nəsə bir dəyişiklik edəcəyini düşünmürəm. Ən azından xarici siyasətdə heç bir dəyişiklik olmayacaq. Çünki xarici siyasət kursu birbaşa prezident tərəfindən idarə edilir. Ancaq sosial sahədə mühüm dəyişiklər gözlənilir”.

 

Ekspert xatırladıb ki, Tokayev hələ Nazarbayevin rəhbərliyi altında çalışarkən onun ən böyük düşməni Qərblə yaxşı münasibətləri olan Kərim Mənsimov idi:

 

“Uzun illər Prezident Adminstrasiyanın rəhbəri, Baş nazir və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri kimi vəzifələrdə çalışmış uyğur türkü olan Mənsimov Nazarbayevdən sonra ölkənin ən güclü adamı idi. Ancaq Tokayev Kremlin dəstəyi ilə onu bitirdi. Mənsimov indi həbsdədir. Məsələ bundadır ki, Qazaxıstanda iri ranqlı iş adamları üstündə ən böyük təsir elə Kərim Mənsimova məxsus idi. Məhz Qazaxıstanda hadisələr baş verərkən bir neçə bank rəhbərinə qarşı əməliyyatın şahidi olmuşduq. Daha sonra onların Mənsimovla birləşib mütəşəkkil dəstə halında dövlətə xəyanət etdikləri açıqlandı. Həmin iş adamlarını Nazarbayevlə tanış edən, onları kurasiya edən elə Mənsimov olub. Tokayevin niyyəti indi onları qazanmaqdır. Ancaq bunu münasib bir Baş nazirlə etmək istəyir. Bu, çox çətin məsələdir. Tokayev ya Putin zamanında Mixail Xodorkovski və digərlərinə etdiyi kimi onları məhv etməlidir, ya da onlarla hazırda davam edən şəkildə bir-birinə qarışmamaq siyasətini aparmalıdır. İkinci variant olduqca təhlükəlidir. Xırda tərpəniş Tokayevin sonu ola bilər. Mənsimov həbsdə də olsa, hələ də çox güclüdür və böyük təhlükədir. Bəs birinci variant baş verə bilərmi? Bu, bir qədər müəmmalıdır, lakin gözlənilməz deyil”.

 

Günay


OXŞAR XƏBƏRLƏR