İrəvanın rəsmi Bakıya mümkün TƏXRİBATLARI: Üç müharibə SSENARİSİ

İrəvanın rəsmi Bakıya mümkün TƏXRİBATLARI: Üç müharibə SSENARİSİ

“Azərbaycan və Ermənistan 2024-cü ildə müharibə ehtimalı olan ərazilər sırasındadır”.

 

Bu barədə ABŞ-nin Xarici Əlaqələr Şurası (CFR) məlumat yayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Qərbin düşündüyü birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir:

 

“Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır. Hərçənd, Azərbycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq. Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə, Zəngəzur dəhlizi layihəsində alternativ marşrutların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir. İkinci ssenari Qazaxın 4 kəndinin azad edilməsi ilə bağlıdır. Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməsidir. Rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir. Lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır. Seçkilərdən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir”.

 

Ekspert bildirib ki, üçüncü ssenari, Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır:

 

“Bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir. Rəsmi İrəvan, Moskvanın “müttəfiqliyindən” imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır. Qarşıdakı dövrdə bu ssenarinin tətbiqi istisna edilməməlidir. Ümumiyyətlə, Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə “Azərbaycanın Ermənistana hücum hazırlığı” kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar”.

 

Günay


OXŞAR XƏBƏRLƏR