"O tələbələrə şans vermək doğru deyil" - Ekspert UNEC-ə ETİRAZ ETDİ

UNEC intizam qaydalarına görə, imtahandan kənarlaşdırılan 200-dən çox tələbəyə təkrar imtahan vermək üçün şərait təşkil edəcək.


Bu hadisədən sonra digər tələbələr də təhsil aldıqları universitetlərdən bu addımı gözləyirlər.


Digər ali təhsil müəssisələri də belə güzəştlər edə bilərmi? Bu addımın atılması hansı mənfi nəticələrə səbəb ola bilər?


Məsələ il bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qərar Nazirlər Kabinetinin ümumi qaydalarına ziddir:


“Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Universitetlər imtahan sessiyalarını Elm və Təhsil Nazirliyinin əmri ilə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydalara əsasən təşkil edirlər.  Bu qaydalar müxtəlif formalarda ola bilər. UNEC-in tətbiq etdiyi güzəşt ümumi qaydalara müəyyən qədər ziddir”. 


K.Əsədovun fikrincə, bu qərar tələbələrin imtahanda köçürmə hallarına meyilliliyini artıra bilər:


“Tələbələr qaydaları pozanda imtahandan uzaqlaşdırılırlar. Güzəşt tətbiq olunan 200 tələbə də imtahan zamanı telefondan köçürməyə cəhd etdiyinə və ya “şparqalka” kimi vasitələrdən istifadə etdiyinə görə imtahan prosesindən kənarlaşdırılıb. Həmin tələbələrə ikinci şans vermək doğru deyil. Sadəcə tələbə səhhəti ilə bağlı imtahanda iştirak edə bilməsə, ona ikinci dəfə şans tanına bilər. İmtahanda iştirak edib kəsilənlərin isə dərs kreditinin 25%-ni ödəməklə təkrar bu prosesdə iştirakının təmin olunması mümkündür”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR