""Altılı masa"nın günahını Kılıçdaroğlunun üstünə atıblar" - Ərdoğanın müavini

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və partiya sözçüsü Ömər Çelik son ümumi seçkilərdən sonra dağılan "altılı masa" ittifaqı haqqında danışıb. 


Sfera.az xəbər verir ki, Çelik "altılı masa"nın şər layihə kimi ortaya qoyulduğunu və günahın Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kamal Kılıçdaroğlunun üstünə atıldığını bildirib.

 

“Anketlərdə dedilər, AKP itirəcək, Xalq İttifaqı itirəcək. Deyirdilər, "altılı masa" qalib gələcək. Siz nə etdiniz? "Altılı masa"nı, masanın altındakıları, arxasındakıları, ətrafındakıları Adanada sandıqlara basdırdınız. O günlərdə deyirdilər ki, altı nəfərlik bir masa olaraq bir araya gəliblər, Türkiyəni onlar idarə edəcəklər, altısı bir qərar verərək irəli gedəcəklər. Mən burada və başqa məhəllələrdəki görüşlərimizdə deyirdim ki, Türkiyəni idarə etmək bir yana, 6 nəfərlə çay dəmləyə bilməzsiniz. İndi prezidentimizin dediyi kimi, altı nəfərlik masanın günahını Kamal bəyin üzərinə atdılar",- Çelik qeyd edib.

 

Partiya rəsmisi "altılı masa" üzvlərinin hamısının bir-birinə qarşı olduğunu deyib.

 

"Onlar hər gün bir-birinin əleyhinə danışır, bu gün sizin sayənizdə qardaşlarımız, hətta altı nəfərlik masaya səs verən vətəndaşlarımız da “yaxşı ki, onlar qalib gəlmədilər” deyirlər. "Altılı masa" adlı şər layihəni Türkiyəyə sırıdılar. Doğrudan da, necə deyərlər, verilmiş sədəqəmiz varmış. Həqiqətən, Allah onlara şans verməsin. İndi altı nəfərlik masanın bir tərəfi o biri tərəfə, o biri tərəfi bu birinə qarşı, bir tərəf də hamısına qarşıdır. Amma AK Partiya və Xalq Alyansı olaraq dünən olduğumuz yerdə idik, bu gün oradayıq, sabah da orada olacağıq” , - Ö.Çelik fikrini yekunlaşdırıb.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR