Azərbaycanla heç kim diqtə dilində danışa bilməz

“Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülhə nail olmaq və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Azərbaycan regionumuzda sülh, sabitlik və inkişafın təmin olunmasında maraqlıdır. Buna bariz nümunə olaraq deyə bilərik ki, Azərbaycan qarşı tərəfə sülh sazişi imzalamaq təklifi edən ölkədir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, müəyyən beynəlxalq dairələr Ermənistana yalan vədlər verərək sülhdən uzaqlaşdırmağa çalışır. Ötən il Qarabağda keçirilən antiterror tədbirlərindən sonra baş verənlər buna nümunədir. Belə ki, havadarları Ermənistana guya Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı səviyyəsində sanksiyalar tətbiq ediləcəyi vədi verilmişdi. Eyni zamanda, Ermənistanın konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Azərbaycan Prezidenti İlham Əliyev də fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə vurğuladı ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülh əldə oluna bilər. Həqiqətən də, Ermənistanın Müstəqillik Bəyannaməsi sülhə maneədir. Çünki sənəddə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Həmçinin Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə də Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın 1990-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bəyannamədə qeyd olunub ki, Ermənistan “1915-ci ildə Osmanlı Türkiyəsində və “Qərbi Ermənistan”da gerçəkləşən soyqırımının tanınması”nı dəstəkləyir. Göründüyü kimi, burada həm qondarma erməni soyqırımı, həm də Türkiyə ərazisini əhatə edən “Qərbi Ermənistan” ifadələri mövcuddur. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyənin 6 vilayətini - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar. Bütün bunlar Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərində ciddi əngəldir. Artıq bunu Ermənistanda da etiraf edirlər. bu ölkədə konnstitusiya dəyişikliliyi ilə bağlı məsələlərin gündəmə gəlməsi bunu təsdiqləyir. Ermənistanda ərazi iddialarından uzaq, beynəlxalq hüquqa zidd olmayan hüquqi normativ aktların dəyişdirilməsi və ya yenidən yazılması istiqamətində aparılan müzakirələr müsbət haldır. Lakin bütün bunlar görüntü xarakteri daşımamalı, əməli addımlar atılmalıdır. Çünki hər zaman Ermənistanın imitasiya ilə məşğul olduğuna şahidlik etmişik.
Millət vəkilinin sözlərinə görə, Prezidentimizlə görüş zamanı Martin Çunqonq regionda sülhün əldə olunması istiqamətində söhbət apardı. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan öz torpaqlarını beynəlxalq hüquq və prinsipləri rəhbər tutaraq azad edib. Azərbaycanda separatizmin kökünün kəsilməsi üçün həm maliyyələşmə mənbələrinin aradan qaldırılmasına nail olunub, həm də mifə çevrilmiş dırnaqarası “erməni faşizmi ideologiyası” birdəfəlik məhv edilib. Bununla yanaşı, Azərbaycan multikultural dəyərlərə sadiqliyini nümayiş etdirərək Cənubi Qafqazda bütün xalqların sülh və təhlükəsizlik içində yaşamasını təmin etmək üçün beş prinsipə əsaslanan sülh sazişinin imzalanmasını ilk olaraq təklif edib. Lakin müəyyən beynəlxalq dairələr Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsini həzm edə bilmir. Bu yaxınlarda AŞPA-da qəbul olunmuş qərar buna nümunədir. Dövlət başçısının dediyi kimi, əgər Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmasa, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Çünki bu qərar parlament platformasının ənənələri ilə ziddiyyət təşkil etməklə yanaşı beynəlxalq hüquqa da tamamilə ziddir.
Pərvin Kərimzadənin fikrincə, AŞPA Azərbaycana qarşı qəbul etdiyi qərəzli qərar Fransanın təhriki ilə qəbul edilib. Cənubi Qafqazda sülhə ən böyük əngəl Fransadır. Azərbaycanın erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Fransaya rahatlıq vermir. Beynəlxalq müstəvidə ölkəmizə qarşı qərəzli kampaniya aparan Fransa öz casuslarını da regiona göndərməkdən çəkinməyib. Bu ölkə vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olsa da, münaqişənin ədalətli həlli üçün heç bir addım atmayıb. Bu gün isə açıq-aşkar Ermənistana havadarlıq edir. Ötən ilin sonlarında isə Fransa ilə Ermənistan arasında silah tədarükü haqqında müqavilə imzalanması Parisin Cənubi Qafqazda müharibənin yenidən alovlanmasında maraqlı olduğunu göstərir. “Sözüdən görüş zamanı dövlətimizin başçısı Fransanın mövqeyini kəskin tənqid edib. Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı. Çünki Azərbaycan bu gün çox güclü dövlətdir və heç kim onunla diqtə dilində danışa bilməz”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Hörmətlə,
Pərvin Kərimzadə
Millət vəkili; Elm və innovasiyalar üzrə prorektor,
Gəncə Dövlət Universiteti.