"AQTA bununla bağlı Milli Məclisə hesabat versə, yaxşı olar" - Deputat
“Qida məhsullarının yoxlanışı gücləndirilməlidir”.
Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 1 fevral 2024-cü il tarixli iclasında deputat Azər Quliyev “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Qida zəhərlənməsi son dövrlərdə artıb. Bu, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi üçün ciddi siqnal olmalıdır. Bunun səbəbləri ilə bağlı statistika tərtib olunmalı və ictimaiyyətə məlumat verilməlidir. Əgər bazarda hansısa istehlaka uyğun olmayan məhsul varsa, indiki halda Ədliyyə Nazirliyindən icazə alınmalıdır. Sahibkarların yoxlanılmasının məhdudlaşdırılması siyasəti özünü doğruldur, lakin bu məsələyə də baxılmalıdır. Statistika onu göstərir ki, bir çox keyfiyyətsiz qida, sərhədi keçərək ölkəmizə daxil olur. Orada yoxlanışlar gücləndirilməlidir. “Qida təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsində heyvanlar üçün olan yemlərin modifikasiyası ilə bağlı məlumat yoxdur. AQTA bununla bağlı Milli Məclisə hesabat versə, yaxşı olar, çünki bu, hamımıza maraqlıdır”.
Firuzə Əliyeva