""TikTok"da nalayiq ifadələr işlədirlər" - Ekspert valideyn nəzarətsizliyindən DANIŞDI
Son günlər məktəb şagirdlərinin iştirakı ilə baş verən hadisələrdə cəmiyyət olaraq, günahkarı məktəbdə axtarırıq. Unutmayaq ki, şagirdlərin hərəkətlərinin əsas səbəbkarı kimi valideyn, cəmiyyət və s. komponentlərin məsuliyyəti böyükdür.
Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.
“Biz günahı və günahkarı məktəbdə, müəllimdə axtarırıq. Valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibəti, maraqları, müəllimləri haqqında da fikirləri ilə maraqlanmalıdır. Valideynlər uşaqların təhsilində müəllimlərin tərəfdaşı kimi çıxış etməlidirlər. Lakin görürük ki, hər kəs məktəbi, müəllimi günahkar çıxarmaq rolundadır. Bu gün valideyinlər şagird olan övladlarının mobil telefonlarına nəzarət etmirlər, onların hansı platformalardan necə istifadə etməsindən xəbərsizdirlər. Apardığımız araşdırmalar göstərir ki, azyaşlı və yeniyetmələrin son günlər "Tik-tok" və "İnstagram" sosial şəbəkəsindəki fəaliyyətləri onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Şagirdlərin dərsdən sonra, xüsusi ilə axşam saatlarında bu platformalarda canlı yayımlar açaraq nalayiq ifadələr işlətməsi, kriminal aləmə aid olan musiqilər səsləndirməsi və bu aləmə aid jarqon ifadələrdən istifadə etməsi, onlara valideyin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması ilə bağlıdır”.
Ekspert bildirib ki, artıq, uşaqlar vaxtlarının böyük əksəriyyətini təhlükəli sosial platformalarda keçirirlər.
“Unutmayaq ki, təlim əsasən məktəbdə həyata keçirilir, tərbiyə isə həm ailədə, həm ictimaiyyətdə, həm də məktəbdə aşılanır. Məktəbdə dərsi pozan, küçədə nalayiq hərəkətlər edib videoya çəkən uşaqlar, məktəbə evdən gəlirlər. Məhz bu baxımdan valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər”.
Ülkər Abdurahmanlı