Avropalı siyasətçilərdən ÇAĞIRIŞ: “Kiyevə dəstək verin, vədlərinizə əməl edin”

Avropa Parlamentinin ən böyük partiyaları Avropa İttifaqı ölkələrinin liderlərinə müraciət edib.
Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Partiyalar Ukraynaya yardım planını təsdiqləməyə, həmçinin veto qoyulmasının qarşısını almaq üçün bu məsələ ilə bağlı illik səsvermədən imtina etməyə çağırıblar.
“Biz, Avropa Parlamentindəki ən böyük siyasi qrupların liderləri, yekdilliklə Aİ liderlərini Ukraynanın üzləşdiyi problemlərin həlli üçün zəruri olan qətnamələri qəbul etməyə, vədlərini yerinə yetirməyə, Ukraynaya effektiv və davamlı dəstək verməyə, səyləri gücləndirməyə çağırırıq. Kiyevi silah-sursat, hərbi dəstək, iqtisadi və maliyyə dəstəyi ilə təmin etmək lazımdır. Avropadan yardımın göstərilməsində sonrakı gecikmələr, eləcə də illik vetolar seçim deyil”, - müraciətdə deyilir.
Siyasətçilər fevralın 1-də baş tutacaq Avropa liderlərinin sammiti ərəfəsində illik səsvermədən imtinaya çağıran sənəd dərc ediblər. Görüş zamanı Ukraynaya hərbi və maliyyə dəstəyinin göstərilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
Ukraynaya pul göndərilib-göndərilməməsi ilə bağlı illik səsvermə təklifi Macarıstanın baş naziri Viktor Orban tərəfindən irəli sürülüb. Belə olan halda, onun sözlərinə görə, Budapeşt Aİ ölkələri tərəfindən Ukraynaya maliyyə dəstəyini təsdiqləməyə hazırdır.
Əzizə Zeynal