Avropa İttifaqının Macarıstanla bağlı planı İFŞA EDİLDİ: “Putin Orbanı məhvə sürükləyir”
Avropa İttifaqının Macarıstan iqtisadiyyatını çökdürmək üçün hazırladığı və Qərb mediası tərəfindən sızdırılan plan səs-küyə səbəb olub.
Sfera.az “Telegraph”a istinadən xəbər verir ki, qeyd olunan sənədə əsasən, Macarıstan Ukraynaya 50 milyard avro yardım ödəməsini əngəlləməkdə davam edərsə, ölkənin iqtisadiyyatı sabotaj ediləcək və valyutası devalvasiyaya uğradılacaq. Nəticədə, investorlar Macarıstana sərmayə qoymağa daha az maraq göstərəcək. Beləliklə, dövlət kəsirinin maliyyələşdirilməsi xərclərinin daha da artmasına və valyutanın ucuzlaşmasına səbəb olacaq.
Macarıstanın Avropa məsələləri üzrə naziri Yanos Boka xatırladıb ki, Aİ uzun müddətdir, fondlarını siyasi şantaj üçün istifadə edir. Avropa bankı olan “Raffeissen”in macar iqtisadçısı Zoltan Török isə deyib ki, sözügedən vəziyyəti elə də dramatik qiymətləndirmək olmaz:
“Budapeşt, həm də Brüssel kompromisdə maraqlıdır. Lakin bunun baş verəcəyinə 100 faiz əmin olmaq olmaz. Yenə də bu hadisə investisiya və iqtisadi artım üçün mənfidir, ümumi olaraq çox pis təsiri olmayacaq. Hazırda onsuz da işsizlik səviyyəsi çox aşağıdır. Deməli, insanların belə bir vəziyyətə görə iş yerlərini itirməsindən söz gedə bilməz. Yenə də bir ölkə fərqli fikrə sahib olduğuna görə cəzalandırılmamalıdır, həm də bu şəkildə…Eyni zamanda, strategiya Brüssel üçün də risklər daşıyır. Onlar Hollandiya, İtaliya və Fransa kimi bir çox üzv ölkələrdə anti-Aİ əhval-ruhiyyəsinin artıq güclü olduğu bir vaxtda odla oynayırlar”.
“Oxford Economics”dən Tomas Dvorakın sözlərinə görə, Macarıstan Aİ daxilində bu cür təzyiqlərdən təsirlənə biləcək ən həssas iqtisadiyyata sahib ölkədir: “Ölkə rekord səviyyədəki ən uzun tənəzzüldən yenicə dirçəlməyə başlayıb və vəd edilmiş AB fondlarının itkisi onun iqtisadi yaxşılaşmasına mane ola bilər. Macarıstan xarici maliyyələşmədən çox asılıdır, çünki valyuta dəyişkəndir. İnvestorlar avro və ya dollarla kredit verməyə üstünlük verirlər”.
Digər tərəfdən, Aİ rəsmiləri sızdırılmış sənədi təkzib ediblər. Ola bilsin ki, Macarıstan Aİ-nin Ukraynaya yardım edilməsinə icazə verəcək. Dvorak qeyd edib ki, Macarıstan iqtisadiyyatına hücum planının tərtib edilməsi şaiyəsi belə Brüsseldə səbrin tükəndiyini göstərir.
Xatırladaq ki, Macarıstan dekabr ayında Ukraynaya yardım ödənişini bloklayıb . Vladimir Putinə yaxın olduğu deyilən Macarıstanın Baş naziri Viktor Orban yardım üçün Kiyevə milyardlarla avro verilməməli olduğunu müdafiə edib. Bunun səbəbini isə Ukraynanın Aİ üzvü olmaması ilə açıqlayıb.
Firuzə Əliyeva