Uşaqlara tərbiyəni kim verməlidir?

Uşaqlara tərbiyəni kim verməlidir?

Hər bir ailənin xarakterik xüsusiyyətləri vardır. Ailə öz övladlarını tərbiyə edir. Təbii ki, burada mənfi və müsbət cəhətlər var.

 

Tərbiyə özü bir dəyər kimi qiymətləndirilməlidir. O, hər kəsin, bütövlükdə cəmiyyətin əldə etdiyi əbədi nemət, daim var olan, yaşayan sərvətidir. Ona görə də burada məqsədlər birləşdirilməlidir. Əsas məsələ ondan ibarətdir ki, şagirdlərin tərbiyəsindəki əsas problemlər ailədən qaynaqlanır. Çünki məktəbdəki təhsil prosesində tərbiyənin tədrisinin məzmununda cəmiyyətin, dövlətin və s. maraqlarına zidd məqamlar yoxdur. Hər birimiz məsuliyyətimizi dərk etməliyik.

 

Həqiqətən də şagirdlərin tərbiyəsində məsuliyyətin böyük hissəsi ailə və cəmiyyətin üzərindədir. Bunları qeyd etməkdə məqsəd ondan ibarətdir ki, valideynlər müəyyən mənada mütaliə ilə məşğul olmaqla özlərini inkişaf etdirməli və bu inkişaf sayəsində övladlarının tərbiyəsini düzgün istiqamətləndirməlidirlər.

 

Məsələyə daha böyük perspektivdən baxa bilərik. İkinci Qarabağ müharibəsində zəfər qazanan övladlar kim tərəfindən tərbiyə olunublar? Burada demək mümkündürmü ki, həmin övladları yalnız ailəsi, yaxud məktəb tərbiyə edib? Cavab hər birimizə məlumdur.

 

Əlbəttə ki, bu məsələlərin qanunvericilik və institusional tərəfləri də var. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində məktəblilərin mənəvi tərbiyəsi ilə əlaqədar diqqətəlayiq maddələr mövcuddur. Konstitusiyada ailə “cəmiyyətin özəyi” adlandırılıb və vətəndaş hazırlığında ailənin mövqeyi aydın verilib. Burada yazılır:

 

“1. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

 

2. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”.

 

İnstitusional tərəf isə odur ki, ölkəmizdə Elm və Təhsil Nazirliyi ilə yanaşı, digər qurumlar da birbaşa uşaqların, məktəblilərin həyatında, problemlərin həllində mühüm rol oynayır. Yerli icra hakimiyyəti orqanları, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini buna misal göstərmək olar.

 

Göründüyü kimi, uşaqlarla əsas tərbiyə işi, onlara qayğı ailənin, valideynlərin üzərinə düşür, məktəb isə bilavasitə bu məsələlərdə ailələrə dəstək olur.

 

Elə aktual problemlər var ki, onlar təkcə məktəbin həll edəcəyi məsələlər deyil. Üzləşdiyimiz problemlər, əslində, cəmiyyətin problemləridir. Bu səbəbdən ümumi təhsil müəssisəsi, valideynlər və digər qanuni nümayəndələr, maarifləndirməni həyata keçirən vətəndaş cəmiyyəti institutları birlikdə bu aktual problemlərin öhdəsindən gəlməlidirlər. İctimaiyyət təhsilalanların milli, mənəvi, əxlaqi tərbiyəsi və psixoloji sağlamlığı, eləcə də cəmiyyətin inkişaf səviyyəsindən irəli gələn məsələlər barədə maarifləndirilməsi istiqamətində birgə səylərini əsirgəməməlidir.

 

Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov

 


OXŞAR XƏBƏRLƏR