Rəzilliyin son həddinin də keçildiyi "TikTok" Azərbaycanda QADAĞAN EDİLİR? - AÇIQLAMA

Rəzilliyin son həddinin də keçildiyi

Son zamanlar bəzi ölkələrin parlamentlərində “TikTok” platformasının bağlanması müzakirə obyekti olub. Elə bir müddət bundan əvvəl qardaş Türkiyədə bu məsələ müzakirə mövzusuna çevrilmişdi. Ölkəmizdə də "TikTok"la bağlı fikirlər birmənalı deyil. Bəziləri bu sosial şəbəkənin bağlanmasını tələb etsə də, bəziləri qalmasının tərəfdarıdır. "TikTok"un Azərbaycan seqmentində isə kobud desək, biabırçılıqdır. Pul qarşılığında özünü satanlar, canlı yayımlar açıb soyunanlar, bir-birini söyməklə "şir-pələng" qazananlar, milli mənəvi dəyərlərimizi təhqir edənlər, milli atributlarımıza dil uzadanlar, platformadan istifadə edən uşaqların əxlaqına mənfi təsir göstərən cinsi oriyentasiyası bilinməyənlər "n" qədərdir. Yeniyetmə və gənclərin isə durumu son dərəcə acınacaqlıdır. Çünki onlar daha çox sadaladığımız şəxsləri izləyib onları təqlid etməyə, getdikcə isə onlardan biri olmağa başlayırlar.   

 

Bütün bunları nəzərə alsaq, Azərbaycanda da “TikTok”la bağlı qanuni tədbirlərin görülməsinə ehtiyac varmı? Bu məsələ Milli Məclisdə müzakirə obyekti ola bilərmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa deyib ki, müasir dövrdə sosial şəbəkələrin bağlanması doğru seçim deyil:

 

“Biz burada səviyyəni qaldırmalı və ondan düzgün istifadə etməliyik. Bunun üçün maarifləndirmə işləri aparılmalıdır. Çox vaxt təcrübəsiz, savadsız, bilgisiz insanlar bunu başqa istiqamətə yönəldirlər, belə olmamalıdır. Hər halda, “TikTok” kimi platormalardan ağıllı istifadəni bacarmalıyıq, bağlamaq çıxış yolu deyil. Elədirsə, televiziyaları da mənasız verilişlərə, hansısa qeyri-əxlaqi fikirlər, görüşlər təbliğ etdiyinə görə bağlamalıyıq. Bu yanaşma doğru deyil. Bizdə daha çox sosial platformalardan mənfi yöndə istifadə edilir və bu da üzücü haldır. Amma bağlamaqla, qadağan etməklə məsələ həll olunmur”.

 

Deputat Azər Badamov isə “TikTok” sosial şəbəkəsinin ölkə ərazisində qadağan olunmasının tərəfdarı olduğunu bildirib:

 

“Bu şəbəkə daha çox əxlaqsızlığı, ailə dəyərlərinə zidd məsələləri təbliğ edir. O cümlədən, “TikTok” insanlarda asıllıq yaradır. Saatlarla orada vaxt keçirir və səmərəli bir fəaliyyətlə məşğul olmaqdan kənarda qalırlar. “TikTok” aludəlik yaratdığına, bir dəfə girəndə belə uzun müddət istifadə olunduğuna görə, insanların sağlamlığına da mənfi təsir göstərir. Həm də bu platformanın təbliğatı dövlətin milli maraqlarına da ziddir. Bu baxımdan “TikTok”un ölkə ərazisində qadağan olunması ilə bağlı bir məsələ Milli Məclisin gündəliyinə daxil olunarsa, təbii ki, dəstəkləyərəm”.

 

Deputat Ceyhun Məmmədov həmkarı Fazil Mustafa kimi platformanın bağlanmasının tərəfdarı olmadığını qeyd edib:

 

“Hesab edirəm ki, bu, çıxış yolu deyil. İnsanlar bu və ya digər formada sosial platformalardan istifadə etməyə çalışacaqlar. Necə ki, biz bunu həm pandemiya, həm də müharibə dövründə gördük. Sadəcə çalışmalıyıq ki, platformaları daha məzmunlu, maraqlı paylaşımlarla zənginləşdirək. Bu gün Rusiya, Türkiyə, ayrı-ayrı ölkələrdə bu platformalardan geniş istifadə edilir. İkinci məsələ isə biz bu cür sosial şəbəkələrdən düzgün istifadə istiqamətində geniş maarifləndirmə və təbliğat işləri aparmalıyıq. Qadağalar həll yolu deyil”.

 

Sosioloq Lalə Mehralı da “TikTok”un bağlanmasının tərəfdarı olduğunu vurğulayıb. O qeyd edib ki, xüsusilə, uşaqları həmin platformadan qorumaq şərtdir:

 

“Çünki təhlükəlidir, uşaqların tərbiyəsinə, mənəviyyatına zərər verir. Amma valideynlər üçün bunların önəmi yoxdur, azyaşlıların çoxu “TikTok”dadır. Bizim cəmiyyətdə nə qədər əxlaqı, psixologiyası yerində olmayan insan varmış, bunu “TikTok” sayəsində bildik. Qızlar onlayn fahişəliyə onun sayəsində meylləndi, cinsi oriyentasiyası yerində olmayanlar onun vasitəsi ilə məşhurlaşdılar, yaşlı-yaşlı adamlar, nənələr, babalar hədiyyə üçün nə hoqqalardan çıxırlar. 10-12 yaşlı uşaqlar kamera qarşısında əcaib hərəkətlər edib, jarqonla danışırlar, meyxana oxuyurlar, söyüşlə videolar çəkirlər. Tutaq ki, onların bir-ikisinin valideyni durumdan xəbərsizdir. Axı “TikTok” hər kəsə açıq platformadır. Onların ətrafında kimsə görüb tanımalıdır, valideynə xəbər verməlidir ki, övladın bu işlərlə məşğuldur. Bilirlər, lakin etinasız yanaşırlar”.

 

Sosioloq bildirib ki, burada valideynlərin üzərinə böyük məsuliyyət düşür: “Qloballaşan dünyada informasiya texnologiyalarının əjdahaya çevrildiyi bir zamanda ana və ata hər cür tələyə qarşı gözü açıq olmalıdır. Platformada faydalı kanallar da var, amma bu qədər əxlaqsızlığın içində görünmür.  Ona görə də cəmiyyətə bir faydası olmayan platforma bağlanmalıdır”.

 

Günay
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...