Müdafiə Sənayesi Nazirliyinin zavodunda PARTLAYIŞ + YARALANANLAR VAR - YENİLƏNDİ-2

Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.
TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.
Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
***
16:18
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, üç nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, "Report"un Aran bürosunun məlumatına görə, hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev və Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Sənayesi Nazirliyindən isə bildirilib ki, yanvarın 23-də Müdafiə Sənayesi Nazirliyinə məxsus “Şirvan Araz zavodu” MMC-də texnoloji proses zamanı istehsalat qəzası baş verib. Qəza nəticəsində zavodun 2 əməkdaşı cızıqlarla müşayiət olunan yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralılar dərhal xəstəxanaya çatdırılıb. Ambulator müalicə alan hər iki əməkdaş özlərini yaxşı hiss etdiklərini bildiriblər.
***
16:07
Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib.
Sfera.az xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması müəyyənləşdirilir.
Müdafiə Sənayesi Nazirliyindən “Report”a bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir.