Qanlı gecənin ağ xalatlı şahidi: "Heç ağlımıza da gəlməzdi ki, "doğma" ordumuz bizə qarşı..."

Qanlı gecənin ağ xalatlı şahidi:

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 34 il ötür. Bu hadisə həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda əzmini itirmədən mübarizə nümayiş etdirdiyi şərəfli bir tarixdir. 
 

Sfera.az xəbər verir ki, həmin günün əsas qəhrəmanlarından biri də ağ xalatlı fədakarlar idi. O gecə təcili tibbi yardım maşınları ilə yardıma tələsən həkimlər güllə yağışı altında xidmət göstərirdilər. Sovet ordusunun əsgərləri isə təcili tibbi yardım maşınlarının keçidinə maneə yaradır, atəş açırdılar. Bunlara baxmayaraq, həkimlərimiz əllərindən gələni edərək mümkün olduğu qədər çox yaralını təcili yardım maşınları ilə aidiyyəti xəstəxanaya daşımağa çalışırdılar. 


1990-cı ildə Bakı şəhəri 3 saylı təcili tibbi yardım stansiyasında səyyar həkim vəzifəsində çalışan Yusif Musayev də 20 Yanvar faciəsinin şahidlərindəndir. O danışır ki, yanvarın 19-da Mərkəzi Komitənin binasının qarşısında mitinq keçirilirdi və onlar da növbətçi həkim kimi orada iştirak ediblər. Sonra ordunun mitinqə daxil olacağı deyilib, lakin xalq buna qarşı çıxıb: 

 

"Biz dərk edirdik ki, ordu atəş açmasa belə, mitinqə daxil olması ağır nəticələrə yol aça bilər. Aparılan danışıqlara baxmayaraq, gecə saat 12-yə 10 dəqiqə qalmış ordu şəhərə daxil oldu. Düşünməzdik ki, xidmət etdiyimiz "doğma" ordumuz bizə qarşı qadağan olunmuş "qırmızı" güllələrdən istifadə edə, bu cür divan tuta bilər". 

 

Qanlı gecənin şahidi Y.Musayev deyir ki, məsləkdaşı, Buzovna təcili yardım məntəqəsində həkim (kardioloq və reanimatoloq) işləyən Aleksandr Marxevkanın şəhid olmasına da səbəb həmin “qırmızı” güllələr olub: 

 

 

"Hərbçilər təcili yardım maşınlarının qarşısını kəsir, güllələyir, heç kimə aman vermirdilər. Həkim yoldaşımız yəhudi Aleksandr Vitalyeviç Marxevka həmin gün Qala stansiyasına güllə yarası almış bir nəfərə yardım etməyə gedən vaxt oradan keçən əsgərlər tərəfindən güllələnmişdi. Yarası qolundan idi, amma o şəhid oldu. Qadağan olunmuş güllə ölümə gətirdi çıxardı".

 

Yusif həkim əsgərlərin yolda təcili tibbi yardım avtomobillərinin fəaliyyətinə mane olmalarını belə xatırlayır:

 

"Kirov adına İnstitutun (indiki Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu) qarşısında avtomobilimizi saxladılar, biri yaxınlaşıb qapını açdı, silahı dirədi ayağıma və bizdən silahlarımızı verməyi tələb etdilər. Mən də dedim ki, biz tibb işçiləriyik, xəstə yanına gedirik, silahımız yoxdur. Yadımdadır ki, 39 saylı avtobus gülləbaran olunmuşdu. Sürücünü xəstəxanaya çatdıra bilmədik, rəhmətə getdi, 2 saylı təcili tibbi yardım bölməsinin həyətində qoyduq". 

 

Hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 15 saylı təcili tibbi yardım bölməsinin müdiri vəzifəsində çalışan Yusif Musayev sonda bildirib ki, o günləri ağrılı, acılı olması ilə yanaşı, qürurverici xatırlayır:

 

"Acılı günlər yaşadıq, dost, yoldaş itirdik, ancaq sınmadıq. Qara gün desək də, həmçinin, bizim tarixi qürurverici günümüzdür. Xalq depressiyaya düşmüşdü, özümüzü tək hiss edirdik. Lakin Ulu Öndər Heydər Əliyevin öz həyatını riskə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib çıxış etməsi bizdə ümid çırağı yandırdı. Nəhayət, o vəziyyətdən çıxa bildik.

Allah şəhidlərimizə rəhmət etsin!"

 

Bakının 3 saylı təcili tibbi yardım stansiyasının həkimi Laçın Əliyeva 34 il keçməsinə baxmayaraq, o günü acı ilə xatırlayır. O zaman 28 yaşı olan həkim 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə vəzifə başında olub: 

 

"Yanvarın 19-u gecəyə az qalmış tibbi məntəqəyə indiki Prezident Administrasiyasının qarşısında bir yaralının olduğuna dair çağırış gəldi. Dərhal təcili yardım maşını ilə hadisə yerinə yola düşdük. Lakin əsgərlər bizim ünvana yaxınlaşmağımıza imkan vermir, yolumuzu kəsirdilər. Küçələrdəki insanlar bizə kömək edirdilər, özləri yaralıları bizə yaxın gətirməyə çalışırdılar ki, təcili yardım maşınına götürə bilək. Həmin gün bütün yaralılar Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına gətirilirdi. Ona görə də xəstəxananın həyətində izdiham var idi, hər kəs öz doğmasını axtarırdı. Çətinliklə olsa da, hadisə yerlərindən gətirdiyimiz yaralıları bir-bir xəstəxanaya yerləşdirirdik".

 

O gecənin şahidi danışır ki, bütün xalq birlik olub, qorxmadan azadlıq uğrunda mübarizə aparırdı:

 

“Küçələrdə dəhşətli mənzərə var idi. Atəş səsləri, insan fəryadları, soyuqqanlı əsgərlər. Həmin gün bütün xalq bir olmuşdu, hər kəs biri-birinə yardım etməyə çalışırdı. Təbii ki, qabaqda da biz – tibb işçiləri getməli idik və getdik də. Biz qorxmadan, çəkinmədən, nəsə olar deyə düşünmədən işimizin başında idik. Hamı öz yaxını ilə əlaqə saxlamağa çalışırdı, amma mobil telefon olmadığı üçün bu, mümkünsüz idi. Səhər evə gələndə, yaxınlarım bildi ki, sağ-salamatam.

 

Özümə heç nə olmasa da, həkim yoldaşlarımızın yaralanması bizə dərindən təsir edirdi. Tamilla Lalayeva həmin gecədən 3-4 gün sonra gecə çağırışa gedəndə rus əsgərləri avtomobili yolda saxlayıblar. Yoxlanış etdikdən sonra deyiblər ki, gedə bilərsiniz. Lakin maşın yola düşəndə arxadan güllə yağmuruna tutmuşdular. Həkim yoldaşımız çiynindən yaralanmışdı, həmin gecəni yaralı şəkildə səhərəcən vəzifəsinin başında oldu”. 

 

20 Yanvar hadisələrindən 34 il keçməsinə baxmayaraq, xalqımız əsgərlərin əliyalın, günahsız insanlara tuşladıqları silahları, açdıqları güllələri, törətdikləri faicəni, şəhid olan məsumları unutmur, unutmayacaq da. Xalq çətin günlər yaşadı, şəhid verdi, lakin əyilmədi, sınmadı, azadlıq qələbəsini qazandı. Çünki azadlıq verilmir, qazanılır, qan bahasına, can bahasına…


İndi isə şəhidlərin ruhu rahatdır. Çünki yolunda şəhid olduqları Azərbaycan müstəqildir, suverenliyini tam bərpa edib, günbəgün inkişaf edir, tarixinin ən qüdrətli dövrünü yaşayır. İndi də nəyin bahasına olursa-olsun, azadlığımızı qorumaq bizim şəhidlər qarşısında ən böyük və müqəddəs borcumuzdur!

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...