Putin Paşinyanı BU TARİXDƏ Moskvada gözləyir: "Hər şeyi deməyəcəyəm..."

Ermənistanın Baş Naziri Nikol Paşinyan Moskvaya gedə bilər.
Sfera.az bildirir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin “RİA Novosti”yə müsahibəsində danışıb. O, bu il İrəvanın Avrasiya İqtisadi Şurasına sədrlik edəcəyini xatırladıb:
“Nümayəndə heyətlərinin səfərləri də nəzərdə tutulub. Həmçinin, Avrasiya İqtisadi İttifaqının yubiley sammitinin may ayında Moskvada keçirilməsi planlaşdırılır. Təbii ki, Rusiya tərəfi Paşinyanın burada iştirakını gözləyir. Xatırladım ki, bir ay əvvəl İrəvanda ölkələrimizin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası oldu. Orada həm Rusiyanın, həm də Ermənistanın müxtəlif departamentlərinin kifayət qədər yüksək vəzifəli nümayəndələri iştirak edirdi. Bu, ikitərəfli münasibətlərimizdə çox mühüm, əlamətdar hadisə idi. Təbii ki, qəbul edilmiş qərarlar həyata keçiriləcək və bunun üçün təmaslar, səfərlər tələb olunacaq”, - səfir bildirib.
Diplomat əlavə edib ki, Moskva 2024-cü ildə planlaşdırılan əlamətdar tədbirlərdə iştirak etmək üçün erməni həmkarlarına bir sıra dəvətlər də nəzərdə tutur:
“Hər şeyi deməyəcəyəm, biz bu məsələ üzərində işləyirik. Təbii ki, bu cür mübadilələr, o cümlədən yüksək səviyyədə səfərlər gündəmdədir”.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən Ermənistan Avrasiya İqtisadi İttifaqının orqanlarına sədrliyi üzərinə götürüb. Respublika il boyu Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasının Şurasına sədrlik edəcək.
Günay