Fiziki şəxslər xaricdən mal alışını ARTIRIB - STATİSTİKA

Ötən il Azərbaycanda yaşayan fiziki şəxslər tərəfindən idxal edilən malların dəyəri məlum olub.
Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fiziki şəxslər bir ildə xaricdən 1,975 milyard dollar dəyərində mal alıblar.
Əvvəlki illərlə müqayisədə 2023-cü ildə fiziki şəxslər xaricdən aldıqları mallara daha çox pul xərcləyib. Fiziki şəxslər idxala 2022-ci ildə 1,423 milyard dollar, 2021-ci ildə 1,39 milyard dollar, 2020-ci ildə 1,011 milyard dollar xərcləmişdilər. Dörd il əvvəlki tarixlə müqayisədə ötən il fiziki şəxslərin xaricdən aldıqları mallara görə xərclədikləri pul 1 milyard dollara yaxın artıb.
Fiziki şəxslərin idxalı ümumi idxala nisbətən daha böyük sürətlə artıb. Buna görə də 2020-ci ildə fiziki şəxslərin idxaldakı payı 9,4 faiz olduğu halda, 2023-cü ildə 11,43 faizə çatıb. Ötən il xaricdən alınan hər 1000 dollarlıq malın 114 dollarlıq hissəsi fiziki şəxslərə aid olub.
Fiziki şəxslərin idxalının artmasında əsas rolu onlayn ticarət platformaları oynayıb. “Trendyol” və digər bu kimi platformalar vasitəsilə Azərbaycan əhalisi xaricdən böyük miqdarda mal alıb. Alınan malların böyük hissəsini isə şəxsi minik avtomobilləri, müxtəlif növ geyimlər, yüngül sənaye məhsulları təşkil edib.
Vasif