Neft Fondu büdcəyə köçürmələri kəskin artırıb – RƏQƏMLƏR

Neft Fondu büdcəyə köçürmələri kəskin artırıb – RƏQƏMLƏR

Azərbaycan Dövlət Neft Fondu (Fond) 2023-cü ilin dördüncü rübündə böyük məbləğdə vəsaiti dövlət büdcəsinə köçürüb. 


Sfera.az Fonda istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr ayları ərzində 3,55 milyard manat (2,088 milyard dollar) dövlət büdcəsinə köçürüldüyü halda, ilin oktyabr-dekabr aylarını əhatə edən son 3 ayda 8,188 milyard manat (4,816 milyard dollar) vəsait köçürüb. Bununla da il ərzində Fonddan büdcəyə köçürülən pulun məbləği 11,74 milyard manata (6,9 milyard dollar) yüksəlib. 


Fondun 2023-cü il büdcəsində maksimum 11,737 milyard manat vəsaitin dövlət büdcəsinə transferti nəzərdə tutulurdu. Faktiki icra göstərir ki, Fonddan dövlət büdcəsinə transfert məbləği maksimum səviyyədə həyata keçirilib. 


Neft Fondundan maksimum icranın hansı səbəbdən həyata keçirilməsi dəqiq bilinmir. Amma dövlət büdcəsinin icrasına dair 11 ayın məlumatı göstərir ki, burada əsas məqsəd dövlət büdcəsində kəsirin yaranmasının qarşısını almaq olub. 


2023-cü ilin dövlət büdcəsində 2,79 milyard manat həcmində kəsir proqnozlaşdırılırdı. İlk 9 ayda büdcədə artıq 1,14 milyard manat kəsir yaranmışdı. Amma kəsirin məbləği yanvar-oktyabr dövründə 217 milyon manata düşdü, yanvar-noyabrda isə kəsiri profisit əvəzlədi. On bir ayın yekununda büdcədə 487 milyon manat vəsait artıqlığı yaranıb. 


Vəsait artıqlığının yaranması xərclərin kəskin artması fonunda baş verib. Yanvar-sentyabrda büdcə xərcləri 23,22 milyard manat olduğu halda cəmi iki ay sonra 29,155 milyard manat təşkil edib. İki ay ərzində büdcə xərclərində 5,935 milyard manat, yəni 25 faizdən çox artım baş verib. 


Xərclərin bu qədər artmasına baxmayaraq, gəlirlər daha çox - 7,566 milyard manat (34 faiz) artıb.   


Neft Fondundan transfertin bu qədər yüksəldilməsi Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının da artmasını sürətləndirib. Ötən il AMB ehtiyatlarını 2,617 milyard dollar artırıb. Artan məbləğin 1,838 milyard dolları məhz son 3 ayda baş verib. 


Bundan başqa ehtimal etmək olar ki, transfert edilən vəsaitin bir hissəsi xarici valyuta şəklində hökumətin xüsusi hesablarında saxlanılıb. 2023-cü ilin 11 ayının məlumatına əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 68,2 milyard dollar olub. Bunun 56,8 milyard dolları Neft Fondunun, 10,615 milyard dolları AMB-nin, 0,785 milyard dolları isə hökumətin xarici valyutada olan depozitlərindən ibarət idi. Ehtimal ki, ilin yekununda hökumətin xarici valyutada olan depozitlərində artım daha çox olacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...