Əməkdar və Xalq artistləri hansı halda fəxri adlardan məhrum edilə bilərlər? - ARAŞDIRMA

Əməkdar və Xalq artistləri hansı halda fəxri adlardan məhrum edilə bilərlər? - ARAŞDIRMA

Son zamanlar fəxri adlar almış şəxslərin qeyri-etik hərəkətlər, dava-dalaşlar və geyimləri ilə gündəmə gəlməsi, cəmiyyətdə birmənalı qarşılanmır. Xüsusən də, Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfatından sonra bu məsələ daha çox müzakirə mövzusuna çevrilib. İnsanlar bəzi Xalq artistləri və Əməkdar artistlərin sözügedən hərəkətlərinə görə aldıqları fəxri adlardan məhrum edilməli olduğunu qeyd edirlər. Son vaxtlar bir-birinin ünvanına sərt ittihamlarla çıxış edən səhnəmizin bəzi ulduzlarının fəxri adlarından heç vaxt məhrum olunmayacaqlarını düşünmələri də vəziyyəti daha da gərginləşdirir.


 

Bəs fəxri adlara sahib şəxslər nə zaman bu titullardan məhrum oluna bilərlər?

 

Sfera.az bu barədə araşdırma aparıb.

 

Bu zaman məlum olub ki, “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmana əsasən,  Azərbaycan Respublikasının fəxri adını almış şəxs fəxri addan yalnız aşağıdakı hallarda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir: 

 


a) fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda — həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən; 

 

b) Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə — fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının fəxri adından məhrum edilmiş şəxsə məxsus olan fəxri adın vəsiqəsi və döş nişanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qaytarılmalıdır.Azərbaycan Respublikasının fəxri adlarının vəsiqələrinə və döş nişanlarına zahirən bənzəyən vəsiqələrin və döş nişanlarının təsis olunması və hazırlanması da qadağandır.

 

Xatırladaq ki, “Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə verilir.

 

"Əməkdar artist" fəxri adı isə mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR