Somalidə islamçılar BMT helikopterini ekipajla birlikdə qaçırdı

Somalidə islamçılar BMT helikopterini ekipajla birlikdə qaçırdı

Somalidə “Əl-Şəbab” silahlı qruplaşması BMT-nin helikopterini qaçırıb. Müxtəlif mənbələrə görə, təyyarədə 8 yaxud 9 sərnişin və ekipaj üzvü olub.


Sfera.az bildirir ki, uçuş zamanı helikopterin göyərtəsində texniki problemlər yaranıb. Pilotlar “Əl-Şəbab” qruplaşmasının nəzarətində olan Qalqadud bölgəsinə təcili eniş etməyə məcbur olublar. Daha sonra sərnişinlər silahlı qrup tərəfindən əsir götürülüb.


Rəsmilər təyyarədə 4 avropalı və 5 afrikalı olduğunu bildirib. Radikallar helikopteri yandırıb, ekipajı və sərnişinləri əsir götürüblər. Daha doğrusu, bir ekipaj üzvü öldürülüb, ikisi itkin düşmüş hesab edilir. Qaça bilənlər qaçıb, qalanları isə əsir götürülüb. Girovların taleyi ilə bağlı dəqiq məlumat yoxdur.


Somalinin hərbi sözçüsü mayor Həsən Əli isə bildirib ki, təyyarədə iki somalili və bir neçə əcnəbi olub. Onun sözlərinə görə, helikopter silahlı qarşıdurma bölgələrindən birinə dərman çatdırmalı, yaralıları isə geri qayıdarkən çıxarmalı idi.


Qeydlər isə göstərir ki, təyyarədə hərbi qulluqçular və üçüncü tərəf podratçısı da daxil olmaqla 9 sərnişin olub. Ən azı altı sərnişinin “Əl-Şəbab” tərəfindən əsir götürüldüyü bildirilir.


İnsidentə görə bölgədəki BMT uçuşlarının növbəti xəbərdarlığa qədər müvəqqəti olaraq dayandırıldığı bildirilir.


Qeyd edək ki, BMT Somalidəki 17 500 nəfərlik Afrika İttifaqı sülhməramlı qüvvələrinə maddi-texniki və tibbi dəstək verir. Adının çəkilməsini istəməyən qüvvə rəsmisi helikopterdə sülhməramlı hərbçilərin olmadığını bildirib.
 

“Əl-Şəbab” hücuma görə məsuliyyəti üzərinə götürməsə də, bölgədəki əsas düşmən qüvvədir. Qrup dəfələrlə əcnəbiləri, xüsusən də tibb işçilərini girov götürüb və illərlə əsir saxlayıb. 2018-ci ildə onlar paytaxt Moqadişuda Beynəlxalq Qızıl Xaç Komitəsi ilə işləyən alman tibb bacısını qaçırıblar. Qadın heç vaxt geri qaytarılmayıb.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR