ABŞ “Monro doktrinası”ndan imtina edir - SƏBƏB

ABŞ “Monro doktrinası”ndan imtina edir - SƏBƏB

"ABŞ-nin keçmiş prezidentlərindən Ceyms Monronun adını daşıyan “Monro doktrinası” 1823-cu ildə qəbul olunub. Həmin doktrinanın 200 ili tamam olub. Konqresin vaxtilə təsdiq etdiyi bu doktrina Avropa müstəmləkəçiliyinin Şimali və Cənubi Amerika qitələrindən uzaqlaşdırılması mahiyyətini daşıyırdı. “Monro doktrinası” əsasən Cənubi Amerikada müstəmləkələri olan İspaniyanı hədəf seçmişdi. “Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika qitəsi dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırdı"


Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


Politoloq bildirib ki, Vaşinqton “Monro doktrinası”ndan Birinci Dünya müharibəsi illərində imtina etdi və Avopada başlayan müharibədə iştirak etdi:


“ABŞ bu müharibədən sonra yenidən Avropadakı toqquşmalardan uzaq qalmağa çalışsa da, Vaşinqton İkinci Dünya müharibəsindən də kənarda qala bilmədi. Çünki Yaponiyanın ABŞ-nin hərbi bazasına hücumu Vaşinqtona başqa seçim qoymadı. ABŞ-nin keçmiş prezidenti Donald Tramp “Monro doktrinası”nı dəstəkləyirdi. 


Buna baxmayaraq, ABŞ-nin siyasi və ekspert dairələri “Monro doktrinası”nın mahiyyətini itirdiyini hesab edirlər. “Monro doktrinası”na görə, ABŞ nə Rusiya ilə savaşan Ukraynaya, nə də HƏMAS-la mübarizəni davam etdirən İsrailə dəstək verməliydi. Ancaq Vaşinton belə etsəydi, beynəlxalq aləmin əsas problemlərindən kənarda qalacaq və bu halda isə beynəlxalq aləmdəki liderlik ABŞ-nin rəqibləri Rusiya və Çinin əlinə keçəcəkdir. Bu isə ABŞ-nin təhlükəsizlik maraqlarına ziddir”. 


Politoloq bildirib ki, bu doktrinaya görə, ABŞ Avrasiya ölkələrinin bir çoxunda hərbi bazalarını qapatmalıdır: 


“Aydındır ki, bu doktrinanın reallaşması ehtimalı azdır. Çünki ABŞ Avrasiya bölgəsini tərk etməyəcək”. 


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR