Neft bazarında ciddi qiymət dəyişikliyi var: Azərbaycana təsiri necə olacaq?

"Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən brent markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, brent markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olub:
“İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar idi. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir.
Neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti gəlirlərimiz və ölkəyə daxil olan valyuta üçün önəmlidir. Bununla belə, hazırda neftin qiyməti 70 dollardan yüksəkdir. Praktik olaraq 60 dollardan yüksək qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi eləcə də təbii balansımızın vəziyyəti birbaşa neftin dünya bazarındakı qiymətindən asılı olacaq”.
Deputat bildirib ki, Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağını vurğulayıb:
“Manatın məzənnəsi neftin qiymətindən asılıdır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılır. Lakin bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Neftin qiymətinin kəskin azalacağı halda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
Ülkər Abdurahmanlı